“Şahdağ” elektrik stansiyasında enerji istehsalında problem yaranmayıb

“Şahdağ” elektrik stansiyasında enerji istehsalında problem yaranmayıb

Dövlət Başçısının diqqət və qayğısı sayəsində ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan "Şahdağ" elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olub. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Eyni zamanda bu stansiya "Şahdağ" Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirəcəkdir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmiş və bunun nəticəsində də plansız boş dayanmalara yol verilməyib. Məhz onun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin ötən 6 ayında da elektrik enerjisi istehsalında problem yaranmayıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, stansiyada cari ilin iyun ayında 11,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunub. Bu da proqnoz göstəricisindən 800 min kilovatsaata yaxın çoxdur.

Qeyd edək ki, 2011-ci ilin 6 ayı ərzində burada 119,5 milyon kilovatsaat proqnoza qarşı 123,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında, eyni zamanda iyun ayında proqnoz göstəricilərlə müqayisədə enerjinin xüsusi sərfi üzrə nəzərəçarpacaq dərəcədə elektrik enerjisinə qənaət edilib.

Cari ilin II rübündə aqreqatlara növbəti texniki qulluq göstərilmiş, güc transformatorunda müxtəlif təyinatlı təmir işləri aparılıb. Eyni zamanda 11 kV-lik I, II, III və IV şinlərdə və 110 kV-lik II "Quba" və II "Qusar" hava xətlərində cari təmir işləri aparılıb.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənib.

Sonda onu da qeyd edək ki, burada payız-qış mövsümünə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.

Xatırladaq ki, hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan bu elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilib. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II "Quba" hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilib. Burada ümumi gücü 160 meqavolt-amper olan 4 ədəd transformator quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə