Yeni Azərbaycan Partiyası Mətbuat günü ilə əlaqədar bəzi media nümayəndələrini mükafatlandırıb

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Mətbuat günü ilə əlaqədar bəzi media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ilk olaraq bütün mətbuat nümayəndələrini 22 iyul-Mətbuat günü münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, mətbuat Azərbaycan cəmiyyətinə dərindən daxil olub və ciddi təsir mexanizminə malikdir. O bildirib ki, bəzən cəmiyyət və mətbuat arasında müəyyən mübahisələr yaransa da ümumilikdə bu, cəmiyyət və mətbuatın inkişafına təkan verir: "Bəzən insanlar mətbuatla bağlı tənqidi fikirlər səsləndirirlər, kritik hallar baş verir. Lakin bunun özü inkişafın göstəricisidir və ictimai münasibətlərin inkişafına təkan verir".

YAP-ın sədr müavininin sözlərinə görə, Azərbaycan mətbuatı üzərinə böyük bir missiya götürüb və onu layiqincə yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, ölkə mətbuatı bu gün bir sıra problemləri obyektiv şəkildə təhlil etmək qabiliyyətinə malikdir: "Azərbaycanda bu gün bütün fəaliyyət sferalarında sürətli inkişaf gedir. Bu inkişafdan Azərbaycan mətbuatı da geri qalmır. Azərbaycan 10 il bundan əvvəlki Azərbaycandan dəfələrlə fərqlənir. Fərqlənən tək Azərbaycan deyil, hər bir vətəndaşın həyatıdır, həyata baxışlarıdır. Azərbaycan vətəndaşlarının həyata baxışlarında dinamik şəkildə inkişaf gedir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət sayəsində formalaşıb. Bu isə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin düzgünlüyündən, bunun Azərbaycan xalqının maraqlarına uyğun həyata keçirilməsindən xəbər verir". O həmçinin qeyd edib ki, bu, tək YAP-ın mövqeyi deyil, Azərbaycanın ictimai həyatını əhatə edən reallıqdır.

"Ölkə siyasətinin qarşısında duran əsas məsələ modernləşməkdir. Modernləşmə təkcə özündə iqtisadi yüksəlişi ehtiva etmir. Bu, insan tələbatının daha əhatəli şəkildə ödənilməsidir. Azərbaycan Respublikası Prezidentinin də həyata keçiridiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşının həyatı onun üçün maraqlı olsun. Bütün bu inkişaf hər bir Azərbaycan vətəndaşının gözü qarşısında cərəyan edir. Vətəndaşlardan fərqli olaraq mətbuatın inkişafa baxışları fərqlidir. Onlar baş verən hadisələri daha dərindən bilir, daha diqqətlə yanaşırlar",- deyən YAP-ın icra katibi qeyd edib ki, inkişaf, dəyişiklik həyatın bütün sferalarında zəruri olduğu kimi mətbuatda da zəruridir: "Biz də siyasi partiya olaraq mətbuatın üzərinə götürdüyü missiyaya önəm veririk, onlarla yaxşı münasibətlər qurmağa çalışırıq. Çünki biz həyata keçirdiyimiz layihələri, fəaliyyətimizi ən yaxşı halda mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırırıq. Mətbuat bizim ən yaxın köməkçimizdir".


Daha sonra YAP-ın fəaliyyətinə toxunan Əli Əhmədov bildirib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatlarından biridir. Onun sözlərinə görə, partiya ətrafında toplaşan insanların sayı yarım milyondan artıqdır. O bildirib ki, partiyaya daxil olan üzvlərin sayı hər il 25-30 min civarındadır ki, bu da illərə görə dəyişir: "Sevindirici hal odur ki, YAP-ın sırasına gənclər də çox həvəslə qatılırlar. Partiyamızın 40%-dən çoxunu gənclər təşkil edir. Onlar partiya həyatında yüksək fəallıq nümayiş etdirirlər".

YAP-ın həmçinin geniş beynəlxalq əlaqələr də qurduğunu deyən sədr müavini qeyd edib ki, partiya Avropa İttifaqına daxil olan ölkələrin partiyaları ilə sıx əlaqələr qurub. Onun sözlərinə görə, partiya Asiya Siyasi Partiyaların Beynəlxalq Konfransının idarə heyətinin üzvüdür: "Eyni zamanda biz ikitərəfli münasibətləri də inkişaf etdiririk. Bizim dünyanın bir sıra partiyaları ilə, istər hakimiyyətdə olan, istərsə də olmayan partiyalarla əlaqələrimiz inkişaf edir. YAP nümayəndələri ayı-ayrı ölkələrə səfər edir, eyni zamanda ayrı-ayrı ölkələrin partiya nümayəndələri Azərbaycana səfər edirlər. YAP həyat ritminə uyğun fəaliyyət göstərən, Azərbaycanda ictimai-siyasi proseslərin gedişinə təsir edən bir qurumdur".

Sonda Əli Əhmədov tədbir iştirakçılarının simasında bir daha mətbuat nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda media nümayəndələri YAP tərəfindən mükafatlandırılıblar. Xatırladaq ki, "Səs" İnformasiya Agentliyinin əməkdaşı Məlahət Mahmudqızı və "Səs" qəzetinin əməkdaşı Mətləb Salahov da mükafatlandırılanlar sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə