Nizami Cəfərov: “İfrata çatan dəbdəbə nəticəsində toy və yas məclislərin əsl mahiyyəti gözdən itir” - MÜNASİBƏT
"Toy mərasimləri indiki zamanda artıq dəb halını alıb. Bu dəbdəbə də hərdən çox həddini aşır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, bəzən ifrata çatan dəbdəbə nəticəsində məclislərin əsl mahiyyəti gözdən itir: "Hətta bəzən elə olur ki, bu mərasimlərdə yemək dəbdəbəsi də olur. Bəzən elə olur ki, məclislərdə nə toyu olan, nə də ki, rəhmətə gedən yada düşür. Bu məsələdə qanunla hərəkət etmək çox çətindir. Çünki bu şəxsi məsələ olmaqla yanaşı, həm də mənəvi məsələdir. Burada cəmiyyətin özünün ictimai qınağı iştirak etməlidir. Hazırda Azərbaycanın ictimai, mənəvi və mədəni həyatının müxtəlif məsələləri müzakirə olunur. Toylar xalqımızın xarakterini ifadə edən və böyük ənənəsi olan adət ənənələrdən biridir. Bu hal bütün xalqlarda eynidir. Sadəcə olaraq müsəlmanlar toy və yas mərasimlərinə kütləvi mərasimlər kimi baxırlar", - deyə millət vəkili əlavə edib.
Hazırda toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması iddiaları mövcuddur. Millət vəkili hesab edir ki, eyni zamanda mərasimlərin müəyyən qədər sistemə salınması praktikası da mövcuddur: "Misal olaraq Naxçıvanda bu mərasimlərlə bağlı müəyyən zəruri məhdudiyyətlər qoyulub. Buna görə orada həyata keçirilən mərasimlər hüduddan kənara çıxmır. Ölkənini hər yerində bu mövzu müzakirə olunur".
Dini mərasimlərin qaydaya salmağın asanlığını vurğulayan N.Cəfərov bildirib ki, buna səbəb burada dini işlərlə məşğul olan idarələrin mövcud olmasıdır: "Burada hətta fitvalar verməklə normalar müəyyənləşdirmək olar. Ancaq toy mərasimlərində bunu eləmək demək olar ki, mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB