Gəncənin icra başçısı sakinlərlə görüşüb - FOTO

Gəncənin icra başçısı sakinlərlə görüşüb - FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər sakinləri ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncənin kənarında yerləşən Natəvan qəsəbəsində təşkil olunan tədbirdə icra başçısı burada yaşayan əhalinin sosial problemlərinin həlli ilə maraqlanıb. Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq ucqar kəndlərdə, həmçinin şəhər kənarı qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra yeni tədbirlər həyata keçirilir. Görüşdə əhali əsasən qəsəbənin yolunun təmiri, məktəb binasının tikintisi, daxili marşrutun olmamasından gileyləniblər. İcra başçısı Natəvan qəsəbəsinə yeni marşrut xəttinin çəkilməsi ilə bağlı göstəriş verib. Ayrıca yaşayış massivində mövcud olan yolun yenidən qurulması barədə də razılığa gəlinib. Dövlət proqramına uyğun olaraq Natəvan qəsəbəsində yeni məktəb binasının tikintisi də nəzərdə tutulur. Burada yaşayan əhalinin işlə təminatının yaxşılaşdırılması istiqamətində işlərin aparılacağından danışılıb.

Belə ki, təxminən sentyabr ayına kimi Gəncə Gil Torpaq İstehsalat Birliyi tam gücü ilə işə düşəcək. Bu da müəssisəyə yaxın olan sakinlərin işlə təminatını asanlaşdıracaq. İlkin məlumatlara görə, Gəncə alüminium zavodunda 5 minə yaxın işçi çalışacaq.

Daha sonra qəsəbədə əhalinin su ilə təminatını yaxşılaşdırmaq üçün yeni artezian istifadəyə verilib. Statistik məlumatlara görə Natəvan qəsəbəsində təxminən 400-dən artıq ailə yaşayır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə