“Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçirilib

“Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçid və bu proseslərin Azərbaycanda hansı xüsusiyyətlərə malik olduğunu, nə qazandıracağını müəyyən edilməsidir. Dəyirmi masada Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər, ölkədə medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, respublikamızda yeni medianın səviyyəsi və prioritetləri müzakirə olunub.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev tədbirin əhəmiyyətini vurğulayaraq, informasiya texnologiyalarının medianın inkişafına təsiri, müasir dövrdə elektron KİV-in inkişaf tendensiyaları, bu sahədə mövcud problemlər və perspektivlərdən söhbət açıb: "Ənənəvidən yeniliyə" formulunun istənilən sahədə, o cümlədən də mediada tətbiqi, interaktiv münasibətlərin qurulması informasiya texnologiyalarının yeni vasitə və təzahürlərinin meydana çıxması ilə səciyyələnir".

\"İrəli" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev çıxışında bildirib ki, əvvəllər insanlar xəbərləri axtarırdılar, indi isə xəbər özü insanı tapır. Onun sözlərinə görə, yeni media vasitələrində xüsusilə sosial şəbəkələrdə yer alan məlumatlar daha çox subyektiv- şəxsi xarakter daşıyır. Onun fikrincə, həqiqi media şəxsi fikirlərə deyil, qərəzsiz və obyektiv yanaşmalara əsaslanmalıdır. Yalnız belə halda medianı peşəkar hesab etmək olar.

İnformasiya Texnologiyaları, İnternet və Media təşkilatının rəhbəri Azər Nəzərov isə hesab edib ki, ənənəvi mediada olduğu kimi internet medianın da əsas meyarı peşəkarlıqdır. Lakin, ölkədə mövcud olan qəzet və digər media qurumlarının rəhbərləri yeni medianın əsas xüsusiyyətlərini və işlənmə metodlarını öyrənməyə səy göstərmirlər. Eyni zamanda, diqqətə çatdırılıb ki, yeni media və milli təhlükəsizlik, ona ictimai nəzarət mexanizmləri, Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni medianın "yeni vasitə" kimi rolu müəyyən edilməlidir. Müzakirədə iştirak edən ekspertlər yeni media sahəsinin daha dərindən araşdırılması, onun peşəkarlığının artması istiqamətində tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər. Onlar mütəxəssislərin iştirakı ilə mütəmadi müzakirələrin təşkili, kadr potensialının peşəkarlıq səviyyəsinin yüksəlməsi üçün təlimlərin keçirilməsi, yeni medianın tədrisdə tətbiqinin də gərəkliliyini vurğulayıblar. Əlaqədar dövlət strukturlarının yeni mediada milli təhlükəsizlik məsələlərinə nəzarətinin gücləndirilməsi, ölkənin yerli və beynəlxalq imicinə, milli maraqlarına zidd informasiyaların yayımına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də əsas təkliflər sırasında yer alıb. Mütəxəssislər hesab edib ki, qloballaşan informasiyalı cəmiyyətdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yeni medianın daha səmərəli vasitə kimi istifadə mexanizmlərinin hazırlanması, eləcə də İKT sahəsində texniki təhlükəsizliyin, bu sahədə yeni kadr potensialının güclənməsi, yeni media vasitələrinin yad texniki hücumlardan qorunması məsələləri də qarşıda duran prioritetlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə