Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzi istifadəyə verilib

Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzi istifadəyə verilib

İyulun 14-də Maştağa qəsəbəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov daxili işlər naziri Ramil Usubova yeni Müayinə Mərkəzinin texniki göstəriciləri barədə məlumat verərək bildirib ki, 5 hektara yaxın ərazidə inşa edilən yeni Müayinə Mərkəzinin inşasına 2010-ci ilin iyul ayında başlanıb və bu ilin iyun ayındatikintisi başa çatdırılıb. Kompleksin ümumi sahəsi 6 min kvadratmetrə yaxındır. Mərkəzdə Almaniya istehsalı olan ən müasir standartlara cavab verən müayinə avadanlığı və sistemləri quraşdırılıb. Burada ümumilikdə 15 xətt, o cümlədən minik avtomobilləri üçün 12, yük avtomobilləri üçün isə 3 xətt fəaliyyət göstərir. Texniki baxış zonalarında bütün zəruri mühəndis kommunikasiya sistemləri, işıqlandırma, havalandırma, müşahidə kameraları quraşdırılıb. Hər xəttdə 5 duracaq var. Birinci duracaqda nəqliyyat vastəsinin xarici görkəmi, nömrəli aqreqatların qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu, ikinci duracaqda avtomobillərin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tulantıların normativ standartlara uyğunluğu, üçüncü duracaqda nəqliyyat vastələrinin işıq sistemi, dördüncü duracaqda sükan mexanizmi, beşinci duracaqda isə əyləc sisteminin vəziyyəti yoxlanılır.

Qeyd olunub ki, nəqliyyat vasitələri duracaqlardan keçdikcə hər bir məntəqədən avtomobilin texniki vəziyyəti barədə göstəricilər mərkəzi kompyuterə ötürülür.Həmin göstəricilər öz növbəsində əməliyyat zalındakı əsas serverdə emal olunur. Konveyer üsulu ilə işləyən Sistem vasitəsi ilə gün ərzində təqribən iki mindən çox avtomobilə texniki baxış keçirilməsi mümkündür. Bu yeni sistemin tətbiqi ilə vətəndaşlar avtomobillərini 15-20 dəqiqə müddətində texniki baxışdan keçirə biləcəklər.

Daha sonra daxili işlər naziri Ramil Usubov Müayinə Mərkəzinin xidməti otaqlarına baxmış, əməkdaşların iş şəraiti ilə yaxından tanış olub. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, təkcə bu ilin ötən dövründə daxili işlər orqanları üçün onlarla yeni obyektlər, inzibati binalar tikilib istismara verilib. Ən müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş həmin obyektlər şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə onları xidməti vəzifə borcunun icrasına ruhlandırır, eyni zamanda polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir. Texniki təminat sahəsində qeyd olunan irəliləyişlər isə son nəticədə ölkəmizdə asayişin və əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla aparılan uğurlu mübarizənin davamlı olmasına imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə