Ağcabədinin Taxtakörpü qəsəbəsində “Laçın” qəzetinin 80 illiyi ilə bağlı geniş tədbir keçirilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxtakörpü adlanan və əsasən Laçın rayonundan olan qaçqınların daha çox məskunlaşdığı qəsəbəsində "Laçın" qəzetinin 80 illiyi ilə bağlı geniş tədbir keçirilib. SİA-nın xəbərinə görə, Laçın rayon İcra Hakimiyyətinin, Mətbuat Şurasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdən öncə qonaqlar rayon mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini və Qarabağ müharibəsində şəhid olan qəhrəmanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib və əklil qoyublar. Tədbirdə çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qonaqları salamlayıb və rayonda görülən işlər barədə ətraflı məlumat verib. Qaçqın və məcburi köçkünlərə mənzil-sosial şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən yaradılan şəraitdən razı qaldığını bildirən icra başçısı bu işlərdə media ilə cəmiyyətin birgə fəaliyyətinin xüsusi önəm daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycanın bütün sahələrində olduğu kimi mətbuat sahəsində atılmış addımların və sonrakı illərdə qoyulan siyasətin məntiqi davamı kimi bu siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir.

Daha sonra çıxış edən MŞ sədri Əflatun Amaşov çıxış edərək dövlətin media qurumlarına etdiyi yardımlardan, cəmiyyətin inkişafında medianın rolundan və milli mətbuatımızın 136 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Şura sədri həmçinin, son zamanlar rayon qəzetlərinin inkişafında xüsusi mərhələnin başlandığını qeyd edərək dövlət başçısının mətbuata, jurnalistlərə göstərdiyi münasibətdən ətraflı bəhs edib: "Ölkə prezidenti jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün evlərin tikilməsinə dövlət yardımının ayrılması, mətbuat orqanlarına birdəfəlik yardımların edilməsi göstərilən diqqət və qayğının bariz göstəricisidir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondun yaradılması və fəaliyyəti Azərbaycan mətbuatı tarixində çox önəmli bir hadisə idi. Hər bir qəzet, jurnal, mətbuat orqanı, jurnalist bu fondun fəaliyyətindən bəhrələnir və onun gördüyü işlərlə onunla yaxından əməkdaşlıq edir. Mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşması, jurnalistlərin fərdi müsabiqələrdə iştirak edərək peşəkarlığın artırılması və digər məsələlər xüsusi önəm kəsb edən hadisələrdir".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov çıxış edərək təmsil etdiyi qurumun qaçqınların sosial problemlərinin həlli ilə bağlı gördüyü işlərdən danışıb. Eyni zamanda, şöbə müdiri qaçqın rayonlarında işıq üzü görən qəzetlərin fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən söz açıb. O bildirib ki, dövlət tərəfindən hər bir zaman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və ölkə prezidenti tərəfindən vacib sərəncamlar verilir: "Bu gün artıq çadır şəhərciklərində məskunlaşan qaçqın ailələrimiz yoxdur. Onların hər biri üçün müxtəlif rayonlarda qəsəbələr tikilərək orada məskunlaşdırılıb. Bundan əlavə, dövlət başçısı tərəfindən ali məktəblərin tələbə yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin xüsusi evlərə köçürdülməsi ilə bağlı xüsusi tapşırığı olub. Hazırda bu istiqamətdə müzakirələr aparılır və yaxın vaxtlarda bu proseslərə başlanacaq. Bir sözlər qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar".

Tədbirdə həmçinin, regionlarda fəaliyyət göstərən qəzetlərin nümayəndələri də çıxış edərək yubileyi qeyd olunan "Laçın" qəzetinə öz təbriklərini çatdırıblar. Onlar 22 iyul-Mətbuat Günü ərəfəsində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək bu ərəfədə belə yubiley tədbirlərinin keçirilməsindən razılıq ediblər.

Tədbirin davamında qaçqınların məskunlaşdığı ərazilərin sosial-iqtisadi inkişafını daha çox işıqlandıran qəzetlərə diplomlar verilib. Mükafatlandırılanlar sırasında "İki sahil", "Səs", "Xalq cəbhəsi", "Bakı Xəbər" və digər mətbuat orqanlarının adları da var.

Əflatun Amaşov hər zaman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətini, mənzil şəraitinin yaxşılaşdırılmasını işıqlandırdığına görə həmin qəzetlərə öz təşəkkürünü bildirib.

Sonda yubileyini qeyd edən \"Laçın\" qəzetinin özünə də diplom verilib.

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyəti başçısı Aparatının mətbu orqanı olan "Laçın" qəzeti Sovet dövründən nəşr olunur. 1931-ci ildən çap edilən qəzet bu il 80 illik yubileyini qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə