Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan İctimai Şuranın ilk iclası keçirilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan İctimai Şuranın ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, ictimai şura nazirliyin fəaliyyət istiqamətləri üzrə ictimai nəzarəti gücləndirmək, şəffaflığın artırılmasına nail olmaq məqsədilə yaradılıb: "İctimai şurada nazirliyin fəaliyyət növlərinə uyğun ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilib. Bu il aprelin 20-dən etibarən şura fəaliyyətə başlayıb. Mayın 6-da isə nazirlikdə ictimai şuranın rəsmi olaraq fəaliyyətə başlamasına dair tədbir keçirilib".
F. Ələkbərovun sözlərinə görə, artıq ictimai şuranın nizamnaməsi və fəaliyyət istiqamətləri də hazırlanıb: "Şuranın vəzifələrinə nazirliyin fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və sair məsələlər daxildir. İctimai şuranın tərkibində 4 istiqamət - dövlət sosial yardımları və dövlət sosial xidmətləri, əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası, işsiz və iş axtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri üzrə işçi qrupları yaradılıb".
Nazir qeyd edib ki, hər qrupda nazirliyin nümayəndələri vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər. Gələn ildən ölkə üzrə tətbiq edilməsi planlaşdırılan Özünə dəstək Sosial Yardım Proqramına cəlb olunacaq ailələrin seçilməsi işlərində nazirliyin və ictimai təşkilatların nümayəndələrinin birgə fəaliyyəti nəzərdə tutulur. Nizamnaməyə əsasən, ictimai şuranın səlahiyyət müddəti iki ildir və bu müddətin başa çatmasına bir ay qalmış şuranın yeni tərkibi formalaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB