Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə Səbail rayon İcra Hakimiyyətində görüş olub-FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanunun başçılığı ilə Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti həmin sektor ilə qardaşlaşmış Səbail rayon İcra Hakimiyyətində qəbul edilib. SİA-nın məlumatına görə, görüşün əvvəlində artıq 3-cü dəfə Azərbaycanda, o cümlədən Səbail rayon İcra Hakimiyyətində olan Nikolai Ontsanunun başçılıq etdiyi rumıniyalı qonaqları salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon barədə, qonaqların 2 il əvvəlki gəlişindən sonra rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə ətraflı məlumat verib. O bildirib ki, rayonun ümumi sahəsi 29 kv. kilometr, əhalisinin sayı 93134 nəfər, burada məskunlaşmış məcburi köçkünlərin sayı 9140 nəfərdir. Onun sözlərinə görə, Səbaildə 2 ərazi nümayəndəliyi, 3 bələdiyyə fəaliyyət göstərir: "Səbail rayonu Bakının ən qədim rayonlarından biri olaraq ötən əsrin 20-ci illərində inzibati ərazi vahidi kimi formalaşıb və 1992-ci ildən Səbail adlandırılmağa başlayıb. Dünya mədəniyyəti inciləri siyahısına salınmış 12-ci əsr tarixi-mədəniyyət abidəsi-Qız Qalası Səbail rayonunun rəmzidir. Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil və 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 4 musiqi məktəbi, 21 səhiyyə müəssisəsi, 12 teatr, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi, 12 park və bağ yerləşdir. Rayonda bir sıra dövlət və qeyri -dövlət müəssisələri, o cümlədən xarici şirkətlər fəaliyyət göstərir".
Daha sonra icra hakimiyyətinin başçısı Rumıniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu haqlı mövqeyi üçün təşəkkür edib.
Öz növbəsində Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanu çıxış edərək ilk olaraq hər kəsi salamlayıb və qonaqpərvərlik üçün təşəkkür edib. O, Azərbaycanda artıq 3 dəfə olduğunu xatırladaraq son 2 ildə burada aparılan abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişafın geniş şəkildə nəzərə çarpdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Rumıniya ilə Azərbaycan qardaş ölkələrdir və Rumıniya burada gedən sosial-iqtisadi inkişafa, irəliləyişə hər zaman sevinir.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB