ATGTİ-in qərargahında Ümumdünya Skaut Hərəkatı Təşkilatının nümayəndələri ilə görüş olub
Bu gün – 14 iyul 2011-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Ümumdünya Skaut Hərəkatı Təşkilatının (ÜSHT) nümayəndə heyəti ilə görüş keçirilib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, görüşün əvvəlində qonaqları salamlayan ATGTİ-nin sədri Şahin İsmayilov onlara təşkilat haqqında ətraflı məlumat verərək, İttifaqın fəaliyyət istiqamətlərindən danışıb.
Ardından ÜSHT tərəfindən çıxış edən Avrasiya Regional Mərkəzinin rəhbəri Yuriy Yemelyan qeyd edib ki, Azərbaycana səfər müddətində onlar digər QHT nümayəndələri, Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşüblər.
ATGTİ ilə gələcək əməkdaşlığı müzakirə edən Ş.İsmayilov və Y.Yemelyanov bildiriblər ki, yeni qurulmuş əlaqələrin daha da inkişafı üçün gələcəkdə ATGTİ və ÜSHT arasında əməkdaşlıq memorandumu imzalana bilər. Qurulan əlaqələr iki təşkilata regional təlimlərin təşkili və gənc liderlərin üzə çıxarılması istiqamətində birgə fəaliyyət göstərmək imkanı yaradacaq.
Qeyd edək ki, 1907-ci ildə yaranan ÜSHT 2007-ci ildə 100 illiyini qeyd edib. Azərbaycanda isə Skaut Hərəkatı 1997-ci ildə yaranmış, 2000-ci ildə isə ÜSHT-ə üzv olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB