Mətbuat Şurasında “Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib- FOTO

Mətbuat Şurasında “Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib- FOTO

Bu gün Mətbuat Şurasında "Mediada dil faktoru" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir Şuranın Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutub.

Tədbiri şuranın sədri Əflatun Amaşov açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib: "Məsələyə hər zaman böyük diqqət verilməsi əsasən bu sahədəki problemlərlə bağlı olub. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinlikləri yaşanmaqdadır. Əlbəttə, bilərəkdən və siyasi məqsədlərin təminatına hesablanan jarqonlardan istifadə nisbətən arxa plana keçib. Ancaq sırf jurnalist yaradıcılığı baxımından nəzərə çarpan dil xətaları var ki, onlarla mübarizə vacib əhəmiyyət daşımaqdadır. İlk növbədə isə məsələyə ictimai diqqətin artırılmasına ehtiyac duyulur. Mövcud layihə həmin ehtiyacın ödənilməsinə hesablanıb və KİV-lərin dil xüsusiyyətləri ilə bağlı problemlərinin aradan qaldırılmasına dəstək göstərilməsini nəzərdə tutur", - deyə o əlavə edib.

Ə.Amaşov bildirib ki, KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindəndir.

Layihədə ekspert qismində iştirak edən, "Xalq qəzeti"nin şöbə müdiri, dilçi ailm İlham Abbasov bildirib ki, layihə ilə bağlı həyata keçirilən başlıca iş ölkənin aparıcı, ictimai fikrə təsir göstərən KİV-inin monitorinqi olub.

Monitorinqin ümumilikdə 40 qəzetdə aparıldığını vurğulayan İ.Abbasov konkret tendensiyalara diqqət çəkib: "Azərbaycan dili türk dillərindən biridir. Türkiyə türkcəsinə daha yaxındır, lakin türk sözlərindən geniş istifadə müəyyən mənada dilimizin deformasiyasına gətirir. Qəzetlərdə korrektura ilə bağlı səhvlərin mövcudluğu diqqət çəkir. Bu baxımdan durğu işarələrinin düzgün işlədilməməsini göstərmək olar. Bəzən elə olur ki, eyni söz qəzetin bir səhifəsində bir, digərində başqa cür yazılır. Ümumən beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır".

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Alxan Məmmədov qəzetlərdə dil xətalarını redaktorların səviyyəsinin aşağı olması ilə əlaqələndirib. Digər səbəb kimi tədrisin vəziyyətini önə çəkib. Onun bildirdiyinə görə, jurnalistika fakultəsində tələbələrə Azərbaycan dili fənn kimi birinci kursda keçilir, o da yalnız ilk semestrdə. Daha sonra isə mövcud sahədə boşluq yaranır. Nəticədə ortaya indi qarşılaşılan mənfi meyllər çıxır. "Əlbəttə, burada orta məktəblərdə də tədrisin səviyyəsi məsələsini qeyd etmək vacibdir. Dilə sevgi ilk növbədə oradan başlamalıdır", - deyə o bildirib.

Mövzu ətrafındakı müzakirələrdə çıxış edən respublikanın əməkdar jurnalisti Yusif Kərimov və "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu layihənin əhəmiyyətini vurğulayaraq KİV-lərin öz materiallarında ana dilinin normalarına riayət etmələrinin vacibliyini bildiriblər.

MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas jurnalistlər üçün savad meyarını dilə riayət sahəsindəki problemlərin aradan qaldırılmasında başlıca amil kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə