Azərbaycanlı gənclər Gürcüstanda “Patriot” Beynəlxalq Gənclər düşərgəsində iştirak edirlər

Azərbaycanlı gənclər Gürcüstanda “Patriot” Beynəlxalq Gənclər düşərgəsində iştirak edirlər

Bu gün Gürcüstanın Anakliya şəhərində Gürcüstan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən "Patriot" Beynəlxalq Gənclər düşərgəsinə start verilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, 30 nəfərlik nümayəndə heyətimizin tərkibində 13 nəfər "İRƏLİ" fəalı, həmçinin Azərbaycanın digər gənclər təşkilatlarının nümayəndələri iştirak edir. On gün davam edəcək yay düşərgəsində Azərbaycanla yanaşı, 10-a yaxın ölkədən 260-dan çox gənc iştirak edir. Bu dəfəki düşərgənin mövzusu "Sağlam həyat tərzi"dir.

Düşərgə müddətində gənclər müxtəlif idman yarışlarında iştirak edəcək, sağlam həyat tərzi ilə bağlı təlimlərə qatılacaq, təmsil etdikləri ölkələrdə bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbir və layihələr haqqında fikir mübadiləsi aparacaqlar.

Hər il keçirilən bu düşərgənin əsas məqsədi gənclərin qeyri-formal təhsilə maraqlarının artırılması, onların fiziki, emosional və intellektual potensialını üzə çıxarmaq, gənclərin cəmiyyətdə fəal iştirakına zəmin yaratmaq, mədəniyyətlərarası əlaqələrin güclənməsinə və dünyanın hər tərəfindən olan gənclər arasında dostluğun möhkəmləndirilməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, yaxın günlərdə düşərgəyə Gürcüstanın prezidenti Mixail Saakaşvili və onun xanımının gəlişi də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə