Məlahət İbrahimqızı: “14 iyul tarixi Azərbaycan xalqının taleyini müəyyən edən bir gündür”-MÜSAHİBƏ

Məlahət İbrahimqızı: “14 iyul tarixi Azərbaycan xalqının taleyini müəyyən edən bir gündür”-MÜSAHİBƏ

Millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsi:


- Bildiyimiz kimi, 14 iyul ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişinin ildönümü günüdür. İlk öncə, sizin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrinizdən danışardınız...


- Həyatımızın elə bir günü yoxdur ki, müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevi xatırlamayaq. Biz bəlkə də onun müasiri olduğumuz üçün ulu öndəri hər an xatırlayır və dəyərli fikirlərini yada salırıq. Hər dəqiqə onunla bağlı xatirə yada düşür, dəsti xəttini, izini görürük, onun bizə olan tövsiyyələri xatırlanır, hər an Heydər Əliyevin yeri görününür. Azərbaycan xalqının dünya dövlətçilik tarixinə verdiyi ən böyük töhfələrdən biri də Heydər Əliyevdir. Biz Heydər Əliyevi ona görə sevmirik ki, o çağdaş dövlətimizin qurucusudur. Biz ona görə həm də Heydər Əliyevi sevirik ki, Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb. Onun adına görə bizim xalqımıza böyük hörmət olundu. Heydər Əliyev kimi oğul yetişdirdiyinə görə bu xalqa böyük ehtiram göstərilir. Bu gün Birləşmiş Millətlər Təşkilatında 3 minə yaxın millət, xalq, etnik qrup var, amma bunun 200-dən çoxunun dövləti var. Nə üçün 3 minə yaxın millətin, xalqın yalnız 200-dən çoxunun dövləti var? Azərbaycan xalqının 200 dövlətinin içərisində olması dünya və şərq sivilizasiyasına verdiyi qiymətli töhfələrdir.


Azərbaycan xalqının tarix boyu yaratdığı abidələr dünya mədəniyyəti üçün töhfələrdir. Azərbaycanın şifahi, yazılı və digər abidələri tək və Azərbaycan üçün deyil, dünya xalqlarına verilən ən dəyərli töhfələrdən biridir. Azərbaycan xalqı Dədə Qorqud, muğam, Qobustan qayası yazıları, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov kimi dəyərli şəxsiyyətlər yetişdirib. Bu xalq tarixin müxtəlif mərhələlərində dünya dövlətçilik tarixinə qızıl hərflərlə yazılan XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran xalqlardandır. Bu, XX əsrin sonu, XXI əsrin əvvəlində dünyada gedən qloballaşma və qlobal təhdidlər fonunda dünya coğrafiyasında yeni düzənin yarandığı bir vaxtda, yeni geopolitikanın formalaşdığı, 1991-1993-cü illərdə ölkənin parçalandığı bir dövrdə Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi xidmətləri olan ulu öndər Azərbaycan xalqını o qlobal təhdidlərdən qorudu və belə bir dövrdə dövlətimizi qurdu. Dövləti qurmaq, müstəqilliyi qazanmaq nə qədər asan idisə, onu əbədiliyinin, dönməzliyini qorunub saxlanması bir o qədər çətin idi. Məhz ona görə də Azərbaycan xalqı öyünür və qürurla dünya birliyində bildirir ki, biz dünya mədəniyyətinə, elminə, xüsusən də dünya dövlətçilik tarixinə bu töhvələri vermişik. Ona görə də bu cür töhfələri unutmaq qeyri-mümkündür.


- Ulu öndərin Azərbaycana verdiyi töhfələri necə şərh edərdiniz?


- Heydər Əliyevin Azərbaycana verdiyi töhfələr 1993-cü ildən başlamır, bu tarix 1969-cu ildən başlanır. Onun 1969-cu ildən öncə də bir sıra böyük xidmətləri olub. Bu mətbuatda, bir sıra ölkələrdə daima müzakirə olunub. Bir xatırlatmanı da etmək istərdim ki, ulu öndər Heydər Əliyev Azərbaycan üçün 1969-cu ildən öncə də töhfələr verib. Məsələn, dünya şöhrətli xalq şairimiz Bəxtiyar Vahabzadənin SSRİ DTK-sı tərəfindən "Gülüstan" poemasına görə, təqiblərə məruz qalmasını, məhz ulu öndərin xalq şairini təqiblərdən qurtarmasını, xilas etməsini desək, onun daim Azərbaycan üçün yaşadığını desək, yanılmarıq. Heydər Əliyevin görmədiyimiz fəaliyyəti Azərbaycan xalqının bugünü, gələcəyi üçün etdiyi çox şeylər var. Amma gözümüzün qabağında 1969-cu ildən bu xalqa olan məhəbbəti və onun uzaqgörən olaraq Azərbaycanın nə zaman müstəqil olacağını bilirdi. Ona görə də o vaxtdan gələcək müstəqilliyin fundamentini qurdu. Heydər Əliyev böyük bir şəxsiyyət, Azərbaycan xalqı üçün unudulmaz bir insandır. Bizlər hər an onu xatırlayırıq. 14 iyul tarixi Azərbaycan xalqının tarixində silinməz izlər buraxıb və bunlar Azərbaycanın taleyinin müəyyən olunduğu günlərdir. İnsanın həyatında müəyyən məqamlar var ki, onun gələcəyini həll edir. Məhz 1969-cu il 14 iyul da Azərbaycan xalqının taleyini müəyyən edən bir gündür.


- Ulu öndər Heydər Əliyev 1993-cü ildən hakimiyyətə gəlişindən sonra hansı tarixi hadisələr imza atdı?


- Biz də xoşbəxt insanlarıq ki, onun müasiri olmuşuq. Heydər Əliyev insanlar arasında olanda onlara qarşı o qədər məhəbbət, səmimiyyət, sevgi göstərirdi ki, hər kəs onu çox yüksək qiymətləndirirdi. Bu gün hər bir azərbaycanlının Heydər Əliyevlə bağlı müəyyən xatirələri var. Dünya Azərbaycanlıların I Qurultayında çıxışının sonunda kövrələrək "Qoy çaylarınız qurumasın, ağaclarınızın kəsilməsin, atlarınız büdrəməsin" sözləri bu günə kimi yadımızdadır. Heydər Əliyev bizə hər bir şeyi deyib. Bu gün biz onun davamçıları, müasirləri olaraq o işləri görməliyik.

Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyi təhlükə altında qalardı. Onun yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar, ulu öndər ölkəmizin problemlərini dünyaya çıxartdı. Bu mənada 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsidir. Bu səhifə getdikcə daha da dəyərli olacaqdır. Ona görə dəyərli olacaqdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinə sınaq tarixi idi. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacağam ki, dövlətim müstəqil, əbədi olsun. Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabətə girir, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, dövlətlər və münasibətlər sistemi qurulur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini, güclü, sürətli inkişaf etdiyini söyləyirlər. Biz də öz növbəmizdə ulu öndərin özü qədər inandığı və onun siyasətinin layiqli davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı siyasətə dəstək olmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə