Şirvan şəhərində son günlər bir-birinin ardınca dörd zəlzələnin qeydə alınması sözügedən ərazidə yaşayanların narahatlığına səbəb olub. Xatırladaq ki, təkanlar şəhərdən 30-38 km şimalda baş verib və Rixter cədvəli ilə 3,1- 4,2 bal zəlzələlər qeydə alınıb.
Mütəxəssislər Şirvan şəhəri ərazisində baş verən zəlzələləri ərazidə seysmoloji aktivliyin nəticəsi kimi qiymətləndirirlər.
Ümumiyyətlə, Yaponiyada baş verən dəhşətli zəlzələdən sonra bu mövzu bütün dünyada olduğu kimi Azərbaycanda da müzakirə olunan aktual mövzuya çevrilib. Zəlzələ ilə bağlı verilən ən adi xəbər isə mövzunun yenidən aktuallaşmasına səbəb olur.
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, tanınmış seysmoloq Elçin Xəlilovun dünyada seysmik aktivlik dövrünün başlanması, 3 il sonra isə seysmik fəallığın daha da artacağını haqda verdiyi proqnozlar da hər dəfə zəlzələ qeydə alındıqda yada düşür. E. Xəlilovun dediyinə görə, dünyada seysmik fəallıq 2010-cu ildən başlayıb, 2013-2015-ci illərdə isə yüksək həddə çatacaq. Nəticədə dünyadakı bütün gərginlik mərkəzləri boşalacaq. Bu isə o deməkdir ki, dünyanın 80 faizində zəlzələlər baş verəcək. Mütəxəssis Azərbaycan üçün də zəlzələ riskinin böyük olduğunu bildirib.
Lənkəran üçün 8 yox, 9 ballıq zəlzələ xarakterikdir
Ölkədə seysmoloji vəziyyətin hansı səviyyədə olması və Şirvanda baş verən davamlı zəlzələ ilə bağlı məlumat almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə müraciət etdik.
Q. Yetirmişli Şirvanda baş verən zəlzələrin bu ərazidə aktivliyin artması kimi qiymətləndirdi. Ancaq o, ciddi narahatlığa səbəb olmadığını dedi: "Gün ərzində onlarla hiss olunmayan zəlzələ qeydə alınır. Şirvanda qeydə alınan yeraltı təkanlar da bu sıradandır. Ona görə də narahatlığa səbəb yoxdur. Bu ərazidə baş verən zəlzələlər səthi və lokal sahəni əhatə etməyən xarakter daşıyır. Elə bir gün olmur ki, belə təkanlar qeydə alınmasın. Son vaxtlar ölkə ərazisində rəqəmsal stansiyaların sayının artırılması daha çox zəlzələləri qeyd etməyə imkan verir. Bu o demək deyil ki, zəlzələlərin sayında artım var. Ümumilikdə götürdükdə son illər dünyada digər təbii hadisələr kimi zəlzələlərin də aktivləşdiyini demək olar. Ancaq zəlzələni əvvəlcədən proqnozlaşdırmaq və ciddi zəlzələ haqda məlumat vermək hələ mümkün olmayıb. Bu gün yalnız seysmik əraziləri müəyyənləşdirmək mümkündür ki, bu istiqamətdə isə Azərbaycanda xeyli iş görülüb. Ölkənin seysmik xəritəsi hazırlanıb. Xəritədə bir çox informasiyaların yenilənməsinə zərurət yarandığından, onun dəyişdirilməsi istiqamətində işlər görülür. Məsələn, indiyə kimi hesab olunurdu ki, Lənkəran zonası 8 ballıq seysmik ərazidir, ancaq tədqiqatlar göstərib ki, orada 9 ballıq zəlzələ də ola bilər. Bu səbəbdən xəritədə dəyişiklik edilməsinə ehtiyac yaranıb".
Sərhədyanı rayonlarda seysmik stansiya quraşdırılacaq
Q. Yetirmişli Azərbaycanda ilk dəfə Xəzərdə 3 seysmik stansiya qurulacağını da dedi: \"Azərbaycanda əsas zəlzələ ocaqları Xəzər dənizindədir. Ona görə də, stansiyaların Xəzər dənizində quraşdırılması qərara alınıb. Stansiyalar 3 nöqtədə - \"Ümid\", \"Şahdəniz\" və \"Günəşli\" yataqlarında dənizin dibində quraşdırılacaq və zəlzələ ocaqlarının aktivliyini müşahidə edəcək. Həmin cihazlar mərkəzləşdirilmiş sistemə qoşulacaq. İşğal altında olan ərazilərin sərhəd zonalarında - Beyləqan, Ağdam, Füzulidə, eləcə də Yardımlı, Şamaxı, İsmayıllı, Zaqatala, Gəncə, Lənkəran və Naxçıvan bölgəsində də seysmik stansiyalar quraşdırılması planlaşdırılır. Azərbaycan ərazisində seysmoloji stansiyaların sayı 35-ə çatdırılacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB