\"Mətbuatın inkişafında ən önəmli cəhətlərdən biri prosesin konseptual şəkildə irəli aparılmasıdır\"-MÖVQE

\"Mətbuatın inkişafında ən önəmli cəhətlərdən biri prosesin konseptual şəkildə irəli aparılmasıdır\"-MÖVQE

Hesab edirəm ki, Azərbaycan Milli Mətbuatının 135 illiyindən bu tərəfə keçən dövr ərzində mətbuatın inkişafı baxımından kifayət qədər ciddi addımlar atılıb. Bu barədə SİA-ya açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, mətbuatın inkişafında ən önəmli cəhətlərdən biri prosesin konseptual şəkildə irəli aparılmasıdır. \"Bu mütəşəkkil formada zamanın və ya bazar iqtisadiyyatının öhdəsinə buraxılmış bir proses deyil, bütövlükdə, dövlət tərəfindən tənzimlənən və ardıcıl şəkildə hazırlanan konkret bir proses olduğu üçün də bunun davamlı olacağına və Azərbaycan mətbuatının inkişafına töhfələr bəxş edəcəyinə əminəm\",- deyə o bildirib.

"Bu müddət həm də Azərbaycan mətbuatında sözü olan bir neçə mətbuat orqanının yubileyləri ilə yadda qaldı. Biz artıq "Səs" qəzetinin 20 illiyini qeyd etdik, indi "İki sahil" qəzetinin 20 illik yubileyi qeyd olunacaq. Bu ilin noyabr ayında "Xalq cəbhəsi" qəzetinin fəaliyyətə başlanmasının 10-cu ildönümüdür. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi baxımından ümumiyyətlə əlamətdar bir ildir. Təbii ki biz də bu prosseslərlə bağlı öz hazırlığımızı görürük. Ancaq bununla yanaşı artıq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığı gündən bu tərəfə həyata keçirilən layihələrə diqqət yetirdikdə və mətbuatın ümumi mənzərəsinə nəzər saldıqda irəliləyişi görmək mümkündür. Sadəcə biz bu proseslərin içində olduğumuz və gündəlik olaraq prosesi yaşadığımız üçün bunu tam diqqəti ilə nəzərə almaya bilərik. Amma kənardan baxan insanlar mətbuatın inkişafında kifayət qədər irəliləyişlərin olduğunu bildirirlər. Mən də bu qənaətdən hesab edirəm ki, proseslər bundan sonra da davam edəcək\"- deyə danışan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru 22 iyulla bağlı nə kimi planlarının olmasına gəlincə qeyd edib ki, hər zaman olduğu kimi 22 iyul istənilən jurnalist üçün xüsusi bir əhəmiyyət kəsb edir: "Buna təkcə baş redaktor kimi deyil, bir qələm adamı kimi yanaşıram. Azərbaycan mətbuatının əsasını qoyan insanların vaxtilə hansı çətinliklərdən, proseslərdən keçdiyinin və bununla yanaşı milli-mənəvi dəyərlərə necə xidmət etdiyini görürəm. Hesab edirəm ki, keçilən yol ilk növbədə bizim üçün örnək olmalıdır. Təkcə mətbuat günündə deyil, il boyu o insanların üzərinə düşən zəhməti və əməyi haqqında düşünərək atdığımız addımlarla buna layiq olmalıyıq. Təbii ki, bir baş redaktor kimi tədbirlər planım var. Bu tədbir planı bilavasitə qəzetin 10 illik yubileyi ilə bağlıdır. Eyni zamanda, 22 iyul-mətbuatın növbəti ildönümündə mətbuat nümayəndələri ilə birlikdə qeyd edəcəyik. Bu bayram həm də birlik bayramdır".

Bütün xəbərlər Facebook səhifəmizdə