Naxçıvanda Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinə həsr olunmuş seminar-müşavirə keçirilib

Naxçıvanda Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinə həsr olunmuş seminar-müşavirə keçirilib

ATƏT-in Bakı ofisi və Naxçıvan Muxtar Respublikası (MR) Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə muxtar respublikanın hakimləri üçün "Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinin aktual məsələləri" mövzusunda seminar-müşavirə keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə Naxçıvan MR Ali Məhkəməsinin sədri Ramiz Süleymanov çıxış edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, Azərbaycan Avropa Şurasına daxil olmaqla milli qanunvericiliyini və onun tətbiqini Avropa standartlarına uyğunlaşdırıb. Təqdirəlayiq haldır ki, dövlətimiz bu nüfuzlu beynəlxalq təşkilata üzv olduqdan sonra insan hüquq və azadlıqları ilə bağlı ən əhəmiyyətli beynəlxalq aktlardan sayılan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı təsdiq edib.
Azərbaycan Prezidentinin müvafiq Fərmanında Naxçıvan MR Ali Məhkəməsində Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və tətbiqi ilə bağlı tövsiyələr verilib. Bu tövsiyələrin reallaşdırılması məqsədilə Ali Məhkəmə və muxtar respublikada fəaliyyət göstərən bütün birinci instansiya məhkəmələri üçün hər cür şərait yaradılıb.
Muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi hakimlərin ölkə miqyaslı tədbirlərə cəlb edilməsi yolu ilə həyata keçirilir. Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi məqsədilə Ali Məhkəmədə hər ay muxtar respublika məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə seminarlar təşkil olunur. Bu sahədə "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" Azərbaycan Prezidentinin 2006-cı il 2 noyabr tarixli Fərmanının müstəsna rolu olub.
Fərman quvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tövsiyə və tapşırıqları əsasında muxtar respublikada hüquq institutlarının inkişafı, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi, habelə məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər görülüb.
ATƏT-in Bakı ofisinin qanunun aliliyi və insan hüquqları proqramının rəhbəri Monika Martinez çıxış edərək seminar-müşavirənin son dərəcə aktual və əlamətdar bir mövzuya həsr olunduğunu demişdir.
Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının hakimi Xanlar Hacıyev "Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan ilə münasibətdə: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və onların milli qanunvericilik və məhkəmə təcrübəsi baxımından əhəmiyyəti" və "Avropa məhkəməsinin fəaliyyətində yeni istiqamətlər və tələblər" mövzularında çıxış edərək hakimlərə qəbul olunan qərarlar və onların milli qanunvericilik əsasları haqqında məlumat verib.
Naxçıvan MR Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev "Hakimlərin gündəlik praktikada rastlaşdıqları aktual məsələlər" mövzusunda çıxış edərək Avropa Məhkəməsinin presedentlərinin milli məhkəmələrin təcrübəsində tətbiqinin dövlət tərəfindən məhkəmə hakimiyyəti qarşısında qoyulmuş mühüm vəzifə olduğunu vurğulayıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər Bayramova iştirak ediblər.
Sonda məruzələr ətrafında müzakirələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə