Yaqub Mahmudov: \"Hazırda ucaldılan qəbirüstü abidələr bütpərəstliyə xasdır\"
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yas və toy mərasimlərində yol verilən israfçılıqla bağlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbirin xalqı maarifləndirmək məqsədilə təşkil olunduğunu deyib: "Heç kimi məcbur etmək olmaz ki, toy və yas mərasimini hər hansı bir qaydaya uyğun keçirsin. Məqsədimiz bu mərasimlərdə yol verilən israfçılıq, ifrat və dinə aidiyyatı olmayan hərəkətlərə yol verilməsinin düzgün olmadığını xalqa çatdırmaqdır".
QMİ sədrinin müavini Hacı Sabir Həsənli Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının xalqa müraciətini oxuyub. Müraciətdə toy və yas mərasimlərinin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlərin öz şəxsi mənafeləri naminə İslam dininin qayda və qanunlarını təhrif etdikləri bildirilir. Həmçinin toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub. O da qeyd olunur ki, istər toy, istərsə də yas mərasimlərində israf və ifrat dəbdəbə Allah tərəfindən bəyənilməyən əməldir. Müraciətdə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağan və haram hesab olunduğu, son illər Naxçıvan Muxtar Respublikasında yas mərasimlərində israfçılıq əleyhinə görülən tədbirləri digər bölgələrə də nümunə olmalıdır kimi məsləhətlər də yer alıb.
Tarixçi Yaqub Mahmudov isə ziyarətgahlarda qoyun kəsilib, pul yığılması hallarını pisləyib: "Ziyarətgahların əleyhinə deyiləm, ancaq ziyarətgah adı ilə xalqdan pul yığılması yol verilməz haldır və islam dininə ziddir. Bu gün müşahidə olunan neqativ hallardan biri də bəzi qüvvələrin tolerant pərdəsi altında islam dininə xələl gətirən, dinə etimadı azaldan hərəkətlər etməsidir. Yas mərasimlərində qurulan dəbdəbəli çadırlar isə xalqda nifrət yaradır. Bu gün elə yas mərasimləri təşkil olunur ki, onların halal pulla keçirildiyinə inanmaq olmur. Haram pulla keçirilən yas mərasiminin ehsanı qəbul olunmazdır. Hesab edirəm ki, bu cür neqativ halların qarşısını almaq üçün QMİ-i tərəfindən fətva verilməlidir".
Tarixçi hazırda ucaldılan qəbirüstü abidələrin bütpərəstlərə xas olduğunu da deyib: "Bu cür abidələr islam dininə ziddir. Bu kimi hallar davam etdikcə, islama hörmət azalacaq, quranı yandıranların sayı artacaq. Ona görə də bu qəbilədən olan tədbirlər davam etməli, əhali maarifləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB