“Miras” üzvləri Uşaq Evində olublar - FOTO

“Miras” üzvləri Uşaq Evində olublar - FOTO

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Uşaqlar və biz" layihəsi çərçivəsində növbəti tədbiri Xətai rayonundakı 3 saylı Uşaq Evində gerçəkləşib.

Bu barədə SİA-ya İctimai Birliyin Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib. Məlumata görə, "Miras"ın İdarə Heyətinin təmsilçiləri və üzvləri iyulun 12-ni həmin Uşaq Evində böyüyən uşaqlarla birlikdə keçiriblər.

"Məqsədimiz kimsəsiz istedadlı uşaqları üzə çıxarmaq, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına kömək və onlara mənəvi dəstək olmaqdır". Bu sözləri tədbirdə iştirak edən "Miras" İctimai Birliyi sədrinin müavini Arzu Soltan deyib.

"Odur ki, biz layihə çərçivəsində azyaşlılara maddi yardımla yanaşı, mənəvi yardım da etməyə, onlar üçün müxtəlif maraqlı təlim və kurslar təşkil etməyə çalışırıq. Bugünkü tədbirimiz ABŞ-ın ölkəmizdəki səfirliyinin, Milli Ədəbiyyat muzeyinin əməkdaşlarının, "Miras" İctimai Birliyinin üzvləri Solmaz Quliyevanın, Minəxanım Qədirovanın, eləcə də birliyin digər fəal üzvlərinin və ayrı-ayrı xeyirxah insanların dəstəyi ilə gerçəkləşib", deyə, o, əlavə edib.

Uşaq evinin nəzdində fəaliyyət göstərən Uşaq Birliyinin rəhbəri Hüsniyyə Hacıyeva gələn il uşaq evinin 75 illiyinin qeyd olunacağını bildirib. Onun sözlərinə görə, hazırda müəssisədə 110 uşaq tərbiyə alır. Bunlar 3-19 yaş qurpunu əhatə edir. Onlardan məktəb yaşında olanlar yaxınlıqda yerləşən 29 saylı orta məktəbdə təhsil alırlar. Burada uşaqlarn bacarıqlarının üzə çıxarılması, onların inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Müəssisədə tərbiyə alan uşaqlar müxtəlif yerli və hətta xarici universitetlərə qəbul olunurlar".

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, rəssam və ebru mütəxəssisi Vüsal Qaraqaşlı uşaq evində böyüyən balacalara ebru sənəti haqqında məlumat verib. Daha sonra onları birlikdə rəsm çəkməyə dəvət edib. Uşaqların Vüsal Qaraqaşlının köməyi ilə su üzərində çəkdiyi rəsmlər bütün tədbir iştirakçılarının marağına və ən əsası uşaqların böyük sevincinə səbəb olub.

Uşaqlar "Miras" üzvləri ilə birlikdə əylənməkdən, mahnı oxuyub, rəqs etməkdən böyük zövq alıblar.

Tədbirin sonunda azyaşlılara ABŞ-ın ölkəmizdəki səfirliyinin təqdim etdiyi kitablar hədiyyə edilib və "Miras"ın üzvlərinin topladığı yardımlar verilib.

Qeyd edək ki, tədbirə "Parents Azərbaycan" jurnalı informasiya dəstəyi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə