Mətbuat Şurasında “İki sahil” qəzetinin nəşrə başlamasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib
Bu gün Mətbuat Şurasında (MŞ) "İki sahil" qəzetinin nəşrə başlamasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən şuranın sədri Əflatun Amaşov bildirib ki, vahid Azərbaycan uğrunda fəaliyyət göstərən "İki sahil" qəzeti milli dəyərləri qoruyub saxlayan, dövlətçilik ənənələrinə sadiq olan mətbuat vasitəsi kimi cəmiyyətdə özünə yer tutub: "Bu qəzetin ölkənin ictimai-siyasi həyatında özünəməxsus rolu var".
Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "İki sahil" qəzetinin hansı çətinliklərlə nəşr olunduğu haqda danışıb. O bildirib ki, qəzet 20 il ərzində Azərbaycan gerçəkliyini qərəzsiz olaraq cəmiyyətə çatdırıb. "Baxmayaraq ki, o zaman qəzet çap etdirmək çox əziyyətli iş idi, ancaq "İki sahil" qəzeti bu işin öhdəsindən layiqincə gələ bildi. Onu da qeyd edim ki, qəzetin baş redaktoru Vüqar Rəhimzadənin ümummilli lider Heydər Əliyevlə olan münasibəti həm onun, həm də qəzetin əməkdaşlarının fəxri adlar almasına gətirib çıxarıb".
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə öz növbəsində qeyd edib ki, "İki sahil" qəzeti nəşr olunduğu 20 il ərzində əqidəsinə sadiq qalıb: "Bu qəzet hər zaman Azərbaycanda baş verən ictimai siyasi hadisələri çevik şəkildə öz auditoriyasına çatdıra bilirdi. Qəzetin əqidəli olması onun mükəmməl olmasına bir daha zəmin yaradır. Buna görə də qəzet hər zaman oxucu kütləsi tərəfindən sevilib".
Jurnalist Yadigar Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, Milli Məclisin deputatı Musa Qasımlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev, Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu da qəzetin keçdiyi yol, fəaliyyəti və uğurlarından bəhs ediblər.
Qeyd edək ki, 1965-ci ildə mətbuat orqanı kimi əsası qoyulan "Zavod həyatı" qəzeti 1991-ci il iyul ayının 10-dan "İki sahil" adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB