Bu gün Qəbələdə "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi çərçivəsində Azərbaycan, Rusiya, Çin, Türkiyə və Qazaxıstanın aparıcı telekom operatorlarının iştirakı ilə ikigünlük beynəlxalq seminar-iclas öz işinə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi layihənin idarə edilməsi, iştirakçı operatorlar arasında münasibətlərin tənzimlənməsi, maraqların uzlaşdırılması və beynəlxalq konsorsiumun yaradılmasına dair məsələlər ətrafında müzakirənin aparılmasıdır.
Tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən hazırlanmış TASİM layihəsinin ümumi, texniki və hüquqi konsepsiyaları, eləcə də aparıcı operatorların nümayəndələri tərəfindən ölkələrdəki telekommunikasiya sektorunda mövcud vəziyyət, gələcək plan və layihələr haqqında məlumat verilib.
Tədbirin ikinci günü isə operatorlar arasında TASİM layihəsi üzrə baş qərargahı Bakı şəhərində olmaqla Daimi Katibliyin yaradılması və gələcək birgə fəaliyyətin təşkili üçün Anlaşma Memorandumunun hazırlanması üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş, respublikanın və region ölkələrinin gələcək inkişafına xidmət edə biləcək TASİM layihəsi barədə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə qəbul edilmişdir. Layihə müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi güdür. BMT-nin Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan Respublikası layihənin reallaşdırılması üçün əlaqələndirici müəyyənləşdirilmişdir və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu istiqamətdə fəaliyyət aparılır.
Bu məqsədlə Layihə İdarəetmə Qrupu yaradılmışdır və layihənin reallaşdırılmasına maraq göstərən müxtəlif ölkələrin telekommunikasiya operatorları ilə görüşlər və ilkin müzakirələr keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB