Bu il Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 47 nümunə daxil olub

Bu il Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 47 nümunə daxil olub

"Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 47 nümunə daxil olub. Daxil olan nümunələrin 21-də xəstəlik aşkarlanıb, 20-də aşkarlanmayıb, qalan nümunələr isə yararsız hesab olunub". Bu barədə SİA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə cari ilin 6 ayında ölkədəki heyvanlar arasında quduzluq xəstəliyinə tutulmada xeyli artım qeydə alınıb. Onun sözlərinə görə, bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur. Y.Xanvəli vurğulayıb ki, bunların səbəbi vəhşi heyvanlar arasında vaksinasiya işlərinin aparılmaması, onların artımının tənzimlənməsinin mümkün olmaması, sel basmış ərazilərdən canavar, çaqqal və digər çöl heyvanlarının yerlərini dəyişməsi, erməni işğalı altında olan ərazilərdən vəhşi heyvanların miqrasiyası və digərləridir.

Hazırda ölkədə quduzluğa qarşı ev heyvanları arasında vaksinasiyanın aparıldığını deyən mətbuat katibinin fikrincə, bu yaxınlarda Şəkinin Baş Küngüt, Baş Kəldək və Zəyzid kəndlərində, Zərdab rayonunun Əlvənd kəndindən laboratoriyaya daxil olan at başında də quduzluq xəstəliyi aşkarlanıb və nəzarətə götürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə