Millət vəkili: “Sahibkarlığın daha da səmərəli fəaliyyət göstərməsi üçün Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur”

Millət vəkili: “Sahibkarlığın daha da səmərəli fəaliyyət göstərməsi üçün Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur”

"Milli Məclisin payız sessiyası üçün artıq hazırlıq işlərinə başlanıb. Payız sessiya üçün bizim qəbul edəcəyimiz bir neçə qanun layihəsi var və onların müzakirəsi davam etdiriləcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, yaz sessiyası çox uğurla başa vurulub və Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün çox dəyərli olan mühüm qanun qəbul edilib. Onlardan birinin Gömrük Məcəlləsinin qəbulu olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, qloballaşan dünyada Azərbaycanın dünyaya inteqrasiyası üçün imkanlar açacaq, ölkənin iqtisadi təhlükəsizliyini qorumaq üçün güclü zəmin yaradacaq, eyni zamanda, bütövlükdə Azərbaycanda milli iqtisadiyyatın formalaşması üçün əlavə imkanlar yaradacaq. O vurğulayıb ki, digər bir qanun İcbari Sığorta Haqqında qanun idi və onun da qəbulu Azərbaycan cəmiyyəti üçün çox vacib hadisə kimi qiymətləndirilə bilər.

"Payız sessiyasında Dövlət quruculuğu və hüquqi siyasət komitəsi ilə birlikdə Tikinti Məcəlləsinin şəhərsalma problemlərinə həsr olunan qanun layihəsini müzakirə edəcəyik. Rəqabət Məcəlləsi biraz yubanırdı, amma sentyabrın əvvəlindən intensiv işlər gedəcək və güman edirik ki, bu qanun payız sessiyasında müzakirə olunacaq. Bundan əlavə, İqtisadi siyasət komitəsinin özünün təşəbbüsü ilə bir sıra qanunların monitorinqi aparılır. Qanunlardan biri İstehlakçıların hüquqlarının qorunması, Reklam haqqında qanunlardır. Bunlar vaxtilə qəbul ediliblər, ancaq müasir şəraitdə hər iki qanuna dəyişiklərin edilməsinə ehtiyac var. Gələcəkdə Vergi məsəlləsində də müəyyən dəyişiklərin edilməsini gözləyirik. İndi cəmiyyət, iqtisadiyyat inkişaf edib və iqtisadiyyatın vacib amili olan sahibkarlığın daha da səmərəli fəaliyyət göstərməsi üçün Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, bu gün Azərbaycanda kifayət qədər təkmil, qanunvericilik bazası yaranıb. 1991-ci ildə olan iqtisadi şəraitlə indiki arasında böyük bir fərq vardır. Bu fərqin məğzi ondan ibarətdir ki, Azərbaycan keyfiyyətli inkişaf yoluna qədəm qoyub, keyfiyyətli inkişaf yoluna qədəm qoymaq özü qanunvericilikdə müəyyən dəyişiklərin edilməsi və bu dəyişiklərin bir müddət stabil qalacağından xəbər verir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə