Eyyub Hüseynov: “Qüsurlu uşaqların dünyaya gəlməsinin səbəbi yodlaşdırılmamış duzdur”
Azad İstehlakcılar Birliyinin sədri Eyyub Hüseynov respublika ərazisində yodlaşdırılmamış duz problemin yenidən gündəmə gətirib. E. Hüseynov SİA-ya bildirib ki, Bakı, Abşeron, Sumqayıt, Samux, Gəncə, Şəmkir, ümumilikdə respublikanın 30 rayonunda duzun keyfiyyətini öyrənmək məqsədilə keçirilən monitorinq zamanı məlum olub ki, Gəncə və Şəmkirdə digər bölgələrə nisbətən əhalinin daha çox hissəsi yodlaşdırılmamış duzlardan istifadə edir: \"Sözügedən bölgənin əhalisinin səhhəti təhlükə altındadır\".
AİB sədrinin ümumilikdə ölkə əhalisinin 18 faizinin hələ də keyfiyyətsiz duzdan istifadə etdiyini deyib: "Yodlaşdırılmamış olmaqla yanaşı, tərkibi orqanizmə zərərli maddələrlə zəngin olan duzlar çörək bişirmə sexlərində də istifadə olunur. Bu rəqəm 2002-ci ildəki göstəricidən dəfələrlə yaxşı olsa da vəziyyətin bu cür davam etməsi ölkədə geniş yayılmış zob xəstəliyinin artmasına səbəb olacaq. Eyni zamanda əqli çatışmazlıq, lal-kar, ölü və digər qüsurlu uşaqların doğulması halları artacaq. 2001-ci ildən dövlət səviyyəsində yodlaşdırılmamış duza qarşı qanun qəbul edilsə də hələ də satışda yodlaşdırılmamış duzlar var. Satışda olan duzların üzərinə yodlaşdırılmış yazılmasına baxmayaraq, monitorinq keçirsək, onların çoxunun tərkibinin yodsuz olduğunun şahidi ola bilərik. Əksər sahibkarlar bunu yod probleminin olması ilə izah edirlər. Bu gün Salyan yod zavodunda yod istehsal edilir. Eyni zamanda ölkəyə xaricdən də yod gətirilir. Hətta yod olmasa belə, bu o demək deyil ki, kiminsə əhaliyə yodlaşdırılmamış duz satmaq hüququ var". E. Hüseynov monitorinqlərin davam etdiriləcəyini də deyib.
1 qram duzda 30 - 50 mkq yod olmalıdır
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin rəhbəri İmran Abdullayev isə yararsız məhsulların satışdan çıxarıldığını bildirir: \"Mütəmadi olaraq bu istiqamətdə araşdırmalar aparılır və keyfiyyətsiz məhsulların satışına qadağa qoyulur. Xörək duzu istehsal edən müəssisələrdən duza yod qatmaq tələb olunur. Bildirmək istəyirəm ki, 2001-ci ildə qüvvəyə minən qanunun 803-cü maddəsinə əsasən, respublika ərazisinə yodlaşdırılmamış xörək duzunun idxalı, istehsalı, satışı, daşınması, hətta həmin duzların heyvanlara yem məqsədilə verilməsi qadağandır. Nazirlər Kabinetinin duzda yodun miqdarını olması ilə bağlı qərarına əsasən 1 qram duzda 30 - 50 mkq yod olmalıdır. Apardığımız monitorinqlər zamanı buna əməl etməyən müəssisələrə qarşı tədbirlər görülür\".
Hər bir insan gündə 100 ml/q yod qəbul etməlidir
Endokrinoloqlar bildirirlər ki, duzda yod çatışmazlığı daha çox zob xəstəliyinin yaranmasına səbəb olur. Xəstəliyə daha çox qoz ağacının yayıldığı ərazilərin sakinləri mübtəla olur. Qoz ağacı yodu özünə çəkdiyi üçün sözügedən ərazidə yaşayanların dişləri tökülür. Əgər ürəkdə tez-tez döyüntü, titrəmə, tərləmə, arıqlama, tez yorulma, gözlərin qabağa çıxması, boynun ön səthində qabarıqlıq kimi hallar müşahidə olunursa, bu zod xəstəliyinin göstəricisidir. Bu kimi hallar müşahidə edildikdə endokrinoloqa müraciət etmək zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB