Ombudsman Aparatının əməkdaşları Nemət Pənahlı ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Nemət Pənahlı ilə görüşüblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Nemət Pənahlı ilə görüşüblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüş zamanı məlum olub ki, N. Pənahlının aclıq aksiyası keçirməsi 9 iyul 2011-ci il tarixdən rəsmiləşdirilib. Aksiya keçirməsinə səbəb kimi, o, təcridxana əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını və barəsində çıxarılan məhkəmə hökmünün ədalətsiz olduğunu bildirib.

Araşdırma zamanı məlum olub ki, N.Pənahlı təcridxana əməkdaşlarını nalayiq sözlərlə təhqir etdiyi üçün onun barəsində 5 gün cərimə təcridxanasına keçirilmə barədə qərar qəbul edilib. Eyni zamanda müəssisə rəhbərliyi və əməkdaşları ilə söhbət zamanı onlar adı çəkilən məhkuma qarşı zorakı hərəkətə yol vermədiklərini, digər məhkumlar kimi kameradan çıxarılanda və qaytarılanda daxili intizam qaydalarına uyğun onun üzərində baxış keçirildiyini, bunun da onun narazılığına səbəb olduğunu söyləyiblər.

N.Pənahlının məhdudiyyətsiz vəkili ilə görüşdüyü, aclıq aksiyası keçirdiyi üçün həkim nəzarəti altında olduğu və hazırda öz kamerasında saxlanıldığı, özünün razılığı olarsa tibb hissəsinə köçürüləcəyi bildirilib.

Qeyd edilməlidir ki, günün ikinci yarısında Bakı istintaq təcridxanasında N.Pənahlı mülki xəstəxananın həkimləri olan endokrinoloq və nevropatoloq tərəfindən müayinə ediləcəyi bildirilib.

Ombudsmanın əməkdaşları N.Pənahlıya aclıq aksiyasını dayandırmağı tövsiyələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə