Gəncənin yataqxanaları antisanitariya içindədir - FOTO

Gəncənin yataqxanaları antisanitariya içindədir - FOTO

Havaların isinməsi ilə yataqxanalarda mövcud olan acınacaqlı vəziyyət gündəmə gəlir. Gəncənin hazırkı yataqxanalarının əksəriyyəti yararsız və antisanitar haldadır. Rəsmi statistikaya görə, Gəncə şəhərindəki idarə və müəssisələrin balansında təxminən 50-yə yaxın yataqxana var. Ancaq bu yataqxanalardakı acınacaqlı vəziyyət heç kimi maraqlandırmır. Məsələyə münasibət bildirən Gəncə şəhər İcra Hakimiyyətindən söylədilər ki, yataqxanalar bir sıra idarə və müəssisələrin balansındadır və onların təmiri də elə idarə rəhbərlərinin üzərinə düşür. Hazırda isə ancaq məcburi köçkün ailələrinin kompakt yaşadığı yataqxanalar təmirə dayanır.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə təxminən 28 belə yataqxana təmir olunub. Dövlət Komitəsinin Gəncə şəhər üzrə nümayəndəsi Süleyman Abbasovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, bəzi idarə və müəssisə rəhbərləri yataqxanaların təmirini elə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən gözləyir. Komitənin isə təkcə Gəncə şəhərində yox respublikada tikilən yataqxanaların hamısının bir gündə və ya bir ayda təmirini həyata keçirməsi reallıqdan uzaqdır.

Bütün bunların fonunda isə yataqxanalarda utancverici şərait getdikcə acınacaqlı hal alır. Müxtəlif qorxunc xəstəliklərin yayılması riski də artmaqdadır. Biabırçı vəziyyətə nədənsə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi də biganə yanaşır. Belə olmasa idi aidiyyəti şəxslər lazımı ölçü götürərdilər. Unutmaq lazım deyil ki, yataqxanalarda yaşayanlar Azərbaycan vətəndaşlarıdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə