Elşən Nəzərov: \"Bu gün üçün ən vacib məsələ tanınmış, həqiqətən Azərbaycan adına fəaliyyət göstərən təşkilatlarımızın birgə koordinasiyasıdır\" - MÜSAHİBƏ
Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərovun SİA-ya müsahibəsi
- Sizin fikrinizcə, bu günlərdə Azərbaycanda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı sonradan diaspor təşkilatlarının fəaliyyətinə hansı əlavə imkanlar açacaq?
- İlk öncə qeyd edim ki, Azəri-Çex Cəmiyyəti artıq 8 ildir ki, Çüxiyada diaspor işi ilə məşğul olur. Bu müddət ərzində Azərbaycan maraqlarını, həqiqətlərini Çexiya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətimizi davam etdirmişik.
Qurultaya gəlincə bildirim ki, Dünya Azərbaycanlılarının II Qurultayında cənab prezident İlham Əliyevin verdiyi impuls, töhfələr öz nəticəsini göstərdi. Bu illər ərzində nəinki Çexiyada, hətta bütün Avropada Azərbaycan diasporu genişləndi, şaxələndi və müəyyən uğurlara imza atdı. Misal üçün biz Azərbaycana gəlməmişdən 3 gün öncə Çexiya Respublikasının prezidenti Vatslav Klausdan şəxsən məktub əldə etdim. Bu məktub sayəsində o mənə bu səfərlə bağlı fikirlərini bildirib, cəmiyyətimizə uğurlar arzulayıb. Bundan əlavə, Çexiyadakı Lidiça və Azərbaycanda Xocalı qəsəbəsinin qardaşlaşmasına nail olmuşuq. Xocalı İcra Hakimiyyəti ilə birlikdə Lidiça küçəsinin açılışını təşkil edəcəyik. Həmçinin, Çexiyada Xocalı küçəsinin açılışı olacaq. İnanıram ki, bu açılış mərasimində prezident İlham Əliyev də iştirak edəcək. Bu əlaqələr onu göstərir ki, bizim fəaliyyətimiz uğurludur.
- Bu gün Çexiyada nə qədər azərbaycanlı yaşayır və onlar sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edirlər?
- Bu gün Çexiyada 1000-1500 ətrafında həmvətənlərimiz yaşayır. Ən çox müraciət olunan məsələlər inteqrasiya problemlərinin həllində kömək, həmçinin milli bayramların təşkil olunmasında yardımçı olmaq istəyi, hüquqi yardım məsələləri ilə bağlı müraciətlər olunur. Biz orada həm Azərbaycanın təqdimatı üçün çalışırıq, həm də orada yaşayan həmvətənlərimzə yardımçı olmağa, yəni mojaritar sistemdə problemlərinin azaldılması üçün səylər göstəririk.
- İlk qurultayın keçriilməsindən 10 illik bir zaman ötüb və bu illər ərzində xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatarı arasındakı əlaqələri, inkişafı necə qiymətləndirirsiniz?
- İlk öncə, ulu öndərin təklifi və sərəncamı ilə yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin işini yüksək qiymətləndirirəm. Bizim üçün ən əsası diaspora fəaliyyəti 3 mərhələyə bölünüb. Birinci mərhələ təşkilatlanmaqdır. 10 il bundan öncə Azərbaycan diasporunun təşkilatları yox səviyyəsində idi. İkinci mərhələ bu təşkilatların şaxələnməsi, bir-birilə əlaqələrin qurulması, üçüncü mərhələ isə normal qurulmuş, ələkdən keçmiş həmin diaspor təşkilatlarının fəaliyyətinin effektivləşməsidir. Bu gün üçün ən vacib məsələ üzdə olan, tanınmış, həqiqətən Azərbaycan adına fəaliyyət göstərən təşkilatlarımızın birgə koordinasiyası, komitənin dəstəyi sayəsində birgə əməkdaşlığın və fəaliyyətin davam etdirilməsidir.
- Müəyyən fikirlər səslənir ki, artıq Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni bir mərhələyə keçməlidir. Sizin bu fikirlərə münasibətiniz və təklifləriniz necədir?
- Mən də o fikirlərlə razıyam. Bizim təşkilatlanma prosesimiz artıq tam olaraq başa çatıb. Bundan sonrakı fəaliyyətimizi yaxın gələcək zaman çərçivəsində görmək mümkün olacaq. Yeni, professional əsaslarla işləmək üçün diaspor rəhbərləri azad olunmuş şəkildə işləməlidirlər. Müəyyən regionlarda diaspor təşkilatlarının özünün kütləvi informasiya vasitələri yaranmalıdır. Bundan əlavə, diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimai, siyasi və mədəni həyatında daha geniş iştirak etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB