Yanan meşənin bərpasına nə qədər vaxt lazımdır? - ARAŞDIRMA

Yanan meşənin bərpasına nə qədər vaxt lazımdır? - ARAŞDIRMA

Yay aylarında dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da meşə yanğını təhlükəsi artıb.

Ötən il Şabran, Quba, Lerikdə yanğın hadisələri qeydə alındı. İsmayıllıda isə baş verən yanğın Şahdağ Milli Parkının ərazisinə keçərək 5 hektardan artıq sahəyə zərər vurdu. Son günlər Respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar yenidən yanğın təhlükəsi artıb. Artıq ölkə ərazisində ilk yanğın hadisəsi qeydə alınıb. Xızı rayonu Məşədi Həsən bələdiyyəsinin ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması nəticəsində 5,4 hektar bələdiyyə ərazisində baş verən yanğın meşə fonduna ciddi ziyan vurub.
Təhlükə ehtimalının artdığı bir vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ildə əhaliyə müraciət edərək təbiətdə olarkən odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini yaşıllığa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırdı.

Vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın SİA-ya verdiyi məlumata görə, nazirlik tərəfindən əhali, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür. Buna baxmayaq hər il əhalinin ehtiyatsızlığı üzündən meşələrdə yanğın hadisələri qeydə alınır.

Təcrübə göstərir ki, baş verən yanğın hadisələri daha çox əhalinin odla ehtiyatsız davranması səbəbindən baş verir. Aparılan tədbirlərə baxmayaraq, təəssüf ki, bir çox vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etmirlər. Yay mövsümü ilə əlaqədar meşələrdə istirahətə gedənlərin sayı artdığı üçün hazırda yanğın baş vermə ehtimalı artıb. İstirahətə gedənlərin nəzərinə çatdırmaq istəyirik ki, otlaqların, sıx ağacların arasında kabab bişirmək üçün yandırdıqları ocaqları, siqaret kötüklərini söndürmədən meşədən çıxmasınlar. Unutmaq olmaz ki, adi bir ehtiyatsızlıq bir meşənin sıradan çıxmasına səbəb ola bilər. Son günlər havaların küləkli keçməsi isə təhlükə ehtimalını daha da artırıb. Ona görə də əhalini ehtiyatlı olmağa çağırırıq\".


Yanan meşənin bərpasına 10 ildən çox vaxt lazımdır

Milli ekoloji proqnozlaşdırma mərkəzinin rəhbəri Telman Zeynalov da yanğın hadisələrinin baş verməsində insan amilinin rolunun böyük olduğunu dedi: \"Digər ölkələrlə müqayisədə Azərbaycan meşələrində yanğınlar daha az baş verir. Baş verənlərə səbəb isə insanların odla ehtiyatsız davranmasıdır. Ötən il Rusiyada baş verən dəhşətli yanğın hadisəsində də insan amili vardı. Çünki havanın hərarəti ən yüksək həddə çatsa belə yanğın törədə bilməz. Ancaq odla az da olsa ehtiyatsız davranma böyük bir fəlakətə səbəb ola bilər. Məsələn yay aylarında hər hansı bir texnikadan çıxan qığılcım, avtomobilin təkərinin altından çıxan bir daşın digərinə dəyməsi kifayətdir ki, bütün meşəyə od düşsün. Otun, ağacların quru olması isə alovun sürətlə yayılmasına şərait yaradır".

Mütəxəssis yay aylarında quru otlaq sahələrin yandırılmasının daha təhlükəli olduğunu dedi: "Otlaq sahələrinin yandırılması ciddi yanğın təhlükəsi yaratmaqla yanaşı, həm də torpağın keyfiyyətinə ciddi zərər vurur. Ümumiyyətlə yanğın ekoloji balansı pozur, nadir ağacların, heyvanların məhv olmasına səbəb olur. Yanğın baş verən meşənin yenidən salınması üçün isə on illərlə vaxt lazımdır. Ona görə də yanğın hadisələrinin qarşısını almaq üçün hər bir vətəndaş diqqətli olmalı, meşələrdə olarkən odla ehtiyatlı davranmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com