Uşaqlarda nitq probleminin həlli

Qəhrəmanova Dilarə Ruslan qızı – 1996-cı ildən başlayaraq, artıq 15 ildir ki uşaqların nitq qüsurlarının aradan qaldırılması ilə məşğul olur. 2003-cü ildən "Çıraq" Uşaq İnkişaf Mərkəzi Ictimai Birliyində loqoped vəzifəsində çalışır. İşlədiyi müddətdə hər zaman nitq inkişafı sahəsində olan yenilikləri və beynəlxalq təcrübələri öyrənərək müxtəlif diaqnozlu uşaqların nitq problemlərinin aradan qaldırılması işində istifadə edir.

Gözəl nitq – uşağın hərtərəfli inkişafı üçün vacib şərtdir. İxtiyari nitq qüsuru bu və ya digər dərəcədə uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Nitqində qüsur olan uşaqlar digərlərindən fərqləndiklərini dərk etməyə başladıqda səssiz, qərarsız və utancaq olur, tədricən özlərinə qapıla bilirlər. Ən vacibi isə həyatın əsas şərtlərindən biri olan ünsiyyətdən, kommunikasiya bacarığından məhrum olurlar. Nitq və ünsiyyət bacarıqları sonrakı biliklərin əsasını təşkil etdiyindən, uşağa vaxtında yardım göstərilməzsə, bu gələcəkdə daha mürəkkəb və arzuolunmaz halların yaranmasına gətirib çıxarar.

Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Deməli onun inkişafı ətrafdakı bir çox faktordan asılıdır. Nəzərə alsaq ki, uşağın nitqi 5 yaşına qədər formalaşır ,deməli hər bir mərhələdə onun inkişafına müsbət təsir göstərmək mümkündür.

Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır.

Nitqin səsləri artikulyasiya orqanlarının mürəkkəb hərəkət kompleksi nəticəsində yaranır. Hələ lap ilk günlərindən başlayaraq uşaq dili, dodağı və çənəsi ilə müxtəlif artikulyator – mimik hərəkətlər edir. Təzə doğulmuş uşaq qeyri-iradi səslər çıxara bilər. Məsələn, qışqırıq, inləmə, aclıq, ağrı yaxud narahatlığı ifadə edən səslər. Bu səslərin nitqlə heç bir əlaqəsi olmadığına baxmayaraq, onlar çox vacib amildir, çünki, nitq aparatının üç bölməsinin ,yəni nəfəs, səs və artikulyasiya həssaslığının və müxtəlif hərəkətlərinin inkişaf etməsi üçün şərait yaradır. 2-3 ayında uşaq səsləri artikulyasiya etmək cəhdləri göstərir. Bu qığıltı adlanır. Əvvəlcə bu, adi melodik boğaz səsləridir, lakin sonra onlar get- gedə dəyişərək daha rəngarəng olur və təxminən 5 ayında uşaq böyüklərin dodaq hərəkətlərini təkrar etməyə çalışır. Əgər uşağın artikulyasiya aparatında bir problem olarsa bu onun qidalanması zamanı özünü büruzə verəcəkdir. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ nitqə hazırlıq mərhələsi adlanır.

1 yaşından başlayaraq uşağın nitqinin inkişaf dövrü başlayır. Uşağın ilk sözləri ümumi məna daşıyır. Belə ki, o eyni sözlə həm əşyanı, həm istəyini, həm də hisslərini adlandıra bilər.

Məsələn, pişik sözü ilə həm pişik kəlməsini, həm pişikdən qorxduğunu, həm də pişik gördüyünü bildirə bilər. Bu zaman yalnız situasiyadan asılı olaraq uşağı başa düşmək olar.

Nitq inkişafı dövrü nitqin fonetik, leksik və qrammatik cəhətdən inkişaf dövrüdür. Nitq təqlid etməklə inkişaf edir. Buna görə də ətrafdakıların nitqi səlis, düzgün və gözəl olmalıdır. Əşyaların adını düzgün tələffüz etmək lazımdır. Heç vaxt uşaq dilində danışmaq olmaz. Bu dövrdə aktiv lüğətlə yanaşı uşağın passiv lüğəti də inkişaf edir.

Lap kiçik vaxtlarda uşağın ünsiyyət bacarığını inkişaf etdirmək üçün ən gözəl vasitə gündəlik situasiyalardan istifadədir etməkdir.

Ona görə ki, bu situasiyalar:

1. Təkrarlanandır

2. Burada mütləq birgə fəaliyyət var

3. Ailədəki hər kəs bu işdə iştirak edə bilər

4. Uşağa nə isə öyrətmək üçün əlavə vaxta ehtiyac yoxdur

5. Bir fəaliyyət zamanı bir neçə şey öyrənmək olar.

6. Uşaq bilavasitə onu əhatə edən mühiti ətraflı öyrənir

7. Gündəlik situasiyalar zamanı uşağın sosial bacarıqları inkişaf edir, o gələcəkdə müstəqil yaşamaq, özünəxidmət bacarığına yiyələnir.

Uşaqla ünsiyyət bacarığını inkişaf etdirərkən mütləq onun yaş xüsusiyyətlərinə uyğun olan aparıcı fəaliyyət formasını nəzərə almaq lazımdır.

0-1 yaşında uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətdir.

Bu dövrdə uşaq onu əhatə edənlərlə ünsiyyətə ehtiyac duyur və bu ünsiyyətin əsasında uşağın gələcək psixi inkişafına həlledici təsir göstərən kommunikativ-dərketmə kompleksi yaranır. Bu yaş dövründə uşağa kifayət qədər diqqət göstərilməzsə, onunla az ünsiyyətdə olunarsa, uşağın hər şeydən əvvəl nitqi və psixi inkişafında ləngimələr ola bilər. Deməli bu yaş dövründə uşağı olan valideyn hər zaman onunla danışmalı, ona gülümsəməli, onu necə sevdiyini bildirməli, onun üçün gözəl mahnılar oxumalı tez-tez sığallamalıdır. Bu dövrdə uşağa alınan oyuncaqlar rəngarəng, yatağına ya da oyun guşəsinə bərkidilə bilən, çox da gur işığı və səsi olmayan yumşaq oyuncaqlar olmalıdır.

1-3 yaşlı uşağın aparıcı fəaliyyət forması əşyalarla bağlı manipulyativ, hərəki fəaliyyətdir. Bu yaşda dərk etmə və hərəki fəallıq sürətlə inkişaf etdiyinə görə nitqə güclü ehtiyac duyulur. Bu yaş dövrü verbal nitqin kəskin inkişaf dövrüdür. Böyüklərlə birgə müxtəlif əşyalarla bağlı əməliyyatların yerinə yetirilməsi zamanı uşaq hər bir əşyanın adını, nəyə xidmət etdiyini öyrənir, onda ətraf aləm haqqında təsəvvürlər formalaşır, lazımi biliklər ehtiyatı toplanır, passiv və aktiv lüğəti zənginləşir, sosial davranış təcrübəsi yaranır.

Uşağa təqdim etdiyiniz oyun materiallarını onun yaş xüsusiyyətinə uyğun seçin. Onun oyuncaqları real əşyalara uyğun olmalıdır.(gəlincik, qab-qacaq dəsti, meyvələr, heyvanlar, top, maşın, qumda oynamaq üçün ləvazimatlar, və s.) Əgər uşağa gəlincik alırsınızsa çalışın ki, o uydurulmuş cizgi film qəhrəmanı deyil adi uşağa bənzəsin. Uşaqla işləyərkən istifadə etdiyiniz kitablar sadə, iri, aydın, rəngli şəkilli olmalıdır. Bu yaşda uşağa danışılan nağıllar qısa, sadə, nağıl kitabları isə illüstrasiyalı olmalıdır. Uşağın ətrafındakı əşyaların adlarını öyrətmək üçün gündəlik situasiyalarda uşağı geyindirən, yuyunduran, yemək yeyən, ev işləri görən zaman istifadə etdiyiniz əşyaların adını çəkib onlar haqda qısa məlumat verin.

3-6 yaşlı uşağın aparıcı fəaliyyət forması oyundur və bu da bizim üçün bu yaş dövrünün ən müsbət tərəfidir. Bu yaşda uşaqlar hər cür oyun növlərində (süjetli-rollu,hərəki, qaydalı, didaktik, stolüstü-çaplı ...)oynamağı sevirlər. Bundan istifadə edərək siz öyrətmək istədiyiniz hər bir biliyə uyğun oyun fikirləşə bilərsiniz. Bu dövrdən başlayaraq onlar sərbəst olaraq müxtəlif ,həmçinin xəyali oyunlar qurmağı və oynamağı bacarırlar. Uşaq oyun vasitəsilə öz real dünyasını öyrənir, xəyali dünyasında isə inkişaf edir.

Gəlin, uşaqlarımızın artıq formalaşmış nitq qüsurlarını aradan qaldırmaqdansa, doğulduğu ilk gündən başlayaraq onun ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərərək nitq qüsurlarını yaranmasının qarşısını alaq!

Dilarə Qəhrəmanova

Bütün xəbərlər Facebook səhifəmizdə