İlham Əmirov: \"Təyyarəmizi talibanların vurduğu ilkin versiyadır\"

İyulun 5-dən 6-na keçən gecə "Silk Way" şirkətinin İL-76 4K-AZ55 təyyarəsinin Əfqanıstanda qəzaya uğrama səbəblərini araşdıran Azərbaycan komissiyası bəyanat yayıb. SİA-nın məlumatına görə, komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bildirib ki, hava gəmisinin "Taliban" hərəkatı tərəfindən vurulması əsas versiyalardan biridir: "Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir.Hazırda komissiya təyyarənin düşdüyü yerə aparan yolla bağlı yerli əhali ilə danışıqlar aparır. Hadisənin baş verdiyi ərazinin üzərindən uçan vertolyotdan çəkilən fotoşəkillər əsasında çıxarılan ilkin nəticələr təyyarənin həqiqətən də "Silk Way" şirkətinə məxsus olduğu və onun ekipaj üzvlərinin həlak olması barədə ehtimalların böyük olduğunu göstərir. Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib\".


Bütün xəbərlər Facebook səhifəmizdə