Son günlər respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlik tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.
Lakin Xəzər dənizi kənarında yerləşən, Xızı rayonu Məşədi Həsən bələdiyyəsinin ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması nəticəsində 7 iyul tarixində saat 14:40 radələrində otlaq sahəsində yanğın hadisəsi baş verib. Yanğın 5,4 hektar bələdiyyə ərazisini əhatə etmiş və küləkli hava şəraiti səbəbindən Giləzi Regional Meşəsalma Müəssisəsinə məxsus 0,6 hektar meşə fondu ərazisinə keçib. Nəticədə ot örtüyü və ağacların aşağı hissəsində olan yarpaqlar ütülmüş, meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğın ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələrinin birgə səyi nəticəsində saat 15:30 radələrində tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməyən siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB