\"Biz dünyaya bir daha sübut etdik ki, birləşə bilirik\" - AÇIQLAMA

\"Biz dünyaya bir daha sübut etdik ki, birləşə bilirik\" - AÇIQLAMA

"Ölkə prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında 40 dəqiqəlik gözəl nitq söylədi. İlham Əliyev nitqində bütün məqamlara toxundu". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, prezident qurultayda çıxışı zamanı həm Azərbaycanın keçmişinə, həm də gələcək inkişafı ilə bağlı müdrik ifadələr səsləndirdi: "Bütün bunlar bizə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə ən inkişaf edən ölkələrin səviyyəsinə qalxacaq. Bununla da Azərbaycanda güclü rifah, qüdrətli dövlət, ərazi bütövlüyü bərpa olunacaq. Bir sözlə, Azərbaycanı çiçəklənən bir gələcək gözləyir".

Biz dünyaya bir daha sübut etdik ki, birləşə bilirik deyən Ş. Hacıyev: "Biz yalnız 9 milyondan ibarət deyilik. Azərbaycan xalqı 50 milyondan çoxdur. Bu xalqın da yeganə lideri var ki, o da İlham Əliyevdir. Bu işin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu işlər davam etdirilir. Artıq bizim səsimizə səs verən 50 milyon azərbaycanlı var. Əgər həmin rəqəmin üzərinə türk dünyasının vətəndaşlarının sayını da əlavə etsək, o zaman 300 milyona yaxın insan bizim səsimizə səs verəcək",- deyə əlavə edib.

Millət vəkili onu da vurğulayıb ki, bu qurultay vasitəsi ilə də insanları bir araya gətirə bildik: "Azərbaycan diasporunun xaricdə yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsi üçün bu qurultay yeni imkanlar yaratdı. Bütün bunlar da bizim həll etmədiyimiz məsələlərin həll edilməsi yollarında atılan növbəti uğurlu addımlardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə