Gəncədə qadın sahibkarların əl işlərindən ibarət sərgi keçirilib - FOTO
İqtisadi İnkişaf Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncədə sahibkar qadınların istehsal etdiyi məhsullardan ibarət satış-sərgi keçirilib. SİA-nın Qərb bürosu xəbər verir ki, tədbirdə yuxarıda adıçəkilən qurumların rəsmiləri, iş adamları və bir sıra nümayəndələr iştirak edib. Bildirilib ki, ölkədə sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi olaraq qadınların da bu sahəyə olan marağı artmaqdadır. Sərgidə qərb bölgəsinin 12 rayonu üzrə 60 sahibkarın 150 adda məhsulu satışa çıxarılıb. Burada yeni biznes istiqamətlərini özündə əks etdirən müxtəlif mallar, əl işləri və sair nümunələr nümayiş olunub.
Sərgiyə 500-dən çox iştirakçı qatılıb. Tədbirdə əsas məqsəd qadın sahibkarları arasında əlaqələri genişləndirmək və yeni biznesə qatılan qadın iş adamlarının fəaliyyətini genişləndirməkdir. Rəsmi məlumatlara görə, təkcə qərb bölgəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 4 mini ötüb.
Sərgidən sonra qadın iş adamları ilə bank və kredit təşkilatlarının rəhbərləri arasında görüş keçirilib. Təxminən 1 saat davam edən görüşdə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib, üzləşdikləri problemlərin aradan qaldırılması üçün bir sıra addımlar atılıb. Analoji tədbirin Gəncədən sonra ölkənin digər regionlarında da təşkili nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB