“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib

Bu gün "Azəriqaz" İstehsalat Birliyində (İB) növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, mövzu respublika ərazisində həyata keçirilən tikinti və yeni qazlaşma işləri ilə bağlı olub.

Bugünkü mətbuat saatında İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini Teymur Cəfərov və idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov iştirak edib.

Teymur Cəfərov bildirib ki, 6 ayın yekun göstəricisi olaraq qazlaşma ilə bağlı 2300 km-ə qədər yeni qaz xətləri çəkilib: "Bu qaz xətləri istər yerüstü, istər yeraltı şəkildə həyata keçirilib. 64 yaşayış məntəqəsi və qəsəbə də təbii qazla təmin olunub. 550 km-ə yaxın qaz xətləri isə bərpa olunub".

Tahir Kazımov isə vurğulayıb ki, ilk növbədə qəbul olunan qərara görə, sərhəd rayonlarında yerləşən kəndlərin qazlaşdırılması işləri aparılır: "Həmin qazlaşdırılma işləri isə əsasən mənbəyə yaxın ərazilərdə aparılır. Bakıda 534 minə yaxın mexaniki sayğaclar fəaliyyət göstərir. 2 il müddətinə bu tip sayğaclar smart tipli sayğaclarla əvəz olunacaq".

Rəis müavini onu da qeyd edib ki, respublika ərazisində magistral qaz xətləri üzərində ümumilikdə 5400-dən çox qanunsuz tikili var: "Bu tikililər arasında ən çox yeri kommersiya obyektləri tutur. Hazırda "Azəriqaz"ın əməkdaşları qaz xətlərinin sadalanan mühafizə zolaqlarından çıxarılması istiqamətində işlər aparır. Xətai rayonunda bu istiqamətdə işlər gedir, yeni qaz xətləri çəkilərkən isə mühafizə zolaqlarının sərhədləri nəzərə alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə