Ümumrusiya Azərbaycanlıları Konqresinin Şimali Qafqaz üzrə rəhbəri Şamil Əmirxanovun Səs qəzetinə müsahibəsi
Nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə xüsusi maraq doğuran Dünya Azərbaycanlılarının III qurultayı artıq, başa çatıb. Qurultayda qəbul olunan mühüm, əhəmiyyətli qərarları dünya azərbaycanlılarının bundan sonrakı hərəkətlərini müəyyənləşdirən "yol xəritəsi" adlandırsaq yanılmarıq. Eyni zamanda, Prezident İlham Əliyevin qurultayın ilk günündə səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün bir çağırış, tövsiyyə xarakteri kimi dəyərləndirildi: "Bəzi hallarda səfirliklərdə diaspora təşkilatları arasında olan ziddiyətlər məni çox incidir. Buna biz yol verməməliyik. Biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa biz güclü ola bilmərik."
Fəaliyyəti hücum taktikası üzərində qurmaq, xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilmək, dövlət və hökumət qurumlarında, qanunverici orqanlarında təmsil olunmaq. Elə diaspora nümayəndələri də bu çıxışı özlərinə yol xəritəsi hesab edirlər.
- Azərbaycanda keçirilən 3-cü qurultayla bağlı təəssüratlarınız necə oldu və nəticələr sizdə hansı fikirləri yaratdı?
- Qurultayla bağlı təəssüratlarımız çox gözəl oldu. Bu qurultay sayəsində biz bir daha öz gözəl vətənimizə gəldik, yeniliklərlə, qazanılan uğurlarla tanış olduq. Təbii ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən görülən işlər davamlı olaraq bütün dünyada alqışlarla qarşılanır və bu siyasət, əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev kursunun davamı kimi qiymətləndirilir. Eyni zamanda, bu müvəffəqiyyətlər Azərbaycanın istər Avropa, istərsə də dünya səviyyəsində lider dövlətlər arasında olduğunu təsdiq edir. Qurultay onunla da yadda qaldı ki, bütün dünya azərbaycanlıları diaspora təşkilatları yenidən bir araya gəldilər və gələcəkdə görüləcək işlər barədə müzakirələr apardılar. Həmçinin, Prezident İlham Əliyev də öz nitqində bir daha dünya azərbaycanlılarını birliyə və bərabərliyə dəvət etməklə sübut etdi ki, O, 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Eləcə də, müxtəlif dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatlarına tövsiyə və tapşırıq verildi ki, bundan sonra onların hər biri sıx əlaqələr qurmalı, bir-birinə lazımi dəstək və köməyi göstərməlidirlər. Onu da bildirmək istərdim ki, diasporada nəinki ictimai-siyasi işlərlə məşğul olan insanlar, habelə, iş adamları, biznes adamları yaxından iştirak etməlidirlər. Onlar bir çox xarici dövlətlərdə investisiya yatırmaqla müəyyən işlər görsələr də, Azərbaycan üçün daha lazımi işlər görmək qadirindədirlər.
- Prezident İlham Əliyevin dərin məzmunlu, tezis xarakterli çıxışı qurultay üzvlərində hansı məlumatlar bazasını yaratdı?
- Təbii ki, bu qurultay ümumilikdə, bir çox yeniliklərlə yadda qaldı. Cənab Prezident İlham Əliyevin çıxışı, həqiqətən də, örnəkverici bir nitq idi. 50 milyonluq bir xalqın lideri olmaq və bununla bütün dünya azərbaycanlılarına səslənmək bir də o demək idi ki, Prezidentin bu nitqi hər birimizdə yeni-yeni ümid işıqları yandırdı. Mən demək istərdim ki, dövlət bir atadır. Ata nə qədər güclü olsa, övladı da bir o qədər firavan və şad yaşayar. Güclü dövlətin güclü Prezidenti Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsidir. Bəli, o, bütün dünya azərbaycanlılarının Prezidentidir.
- Şamil müəllim, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılmasında diasporanın fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
- Hazırda diaspora yüksək xətt üzərində qurulmuş templə bu mövzu ətrafında ciddi işlər aparmaqdadır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrdə disporamızı təkmilləşdirməsi, qurması sayəsində hazırda bu gün uğurla davam etdirilir. Qarabağ problemi ətrafında görülən əhəmiyyətli işlər müxtəlif dünya ölkələrində uğurla reallaşdırılır. Məhz bir amilin məntiqi nəticəsidir ki, qazanılan uğurları həyata keçirənlər, bugünkü diaspor nümayəndələrimizin böyük əksəriyyəti vaxtilə Ulu Öndər Heydər Əliyevin yönəltdiyi, istiqamətləndirdiyi şəxslərdir. Onların böyük əksəriyyəti xaricdə təhsil alıb işləyiblər və indi də diaspora fəaliyyətində Azərbaycanın adını şərəflə yüksəldirlər. Diasporanın işi yalnız bununla bitmir. Nəinki Rusiyada, eləcə də Avropada, Asiyada Azərbaycanla bağlı bütün həqiqətlər müfəssəl şəkildə həmin ölkələrin ictimaiyyətinə çatdırılır. Azərbaycanın mədəniyyəti, mənəvi irsi böyük ruh yüksəkliyi ilə Azərbaycan diasporası tərəfindən yaşadılır və yayılır. Bunun müqabilində təkcə mənim yaşadığım Rusiyada bir çox dövlət tədbirləri keçirilir ki, mən də həmin tədbirlərdə iştirak edirəm. Həmin tədbirlərdə dövlət rəsmiləri ilə danışmaq imkanı yaranır və mən də bir azərbaycanlı kimi öz sözlərimi, fikirlərimi onlara çatdıra bilirəm. Qeyd edim ki, təkcə Rusiyada Azərbaycan diasporu o qədər güclü şəkildə təmərküzləşib ki, erməni diasporaları artıq bizim qarşımızda öz gücsüzlükləri ilə barışmağa məcbur olublar. Eyni zamanda, bizim Türkiyə diasporası ilə də sıx əlaqələrimiz mövcuddur. Ermənilərin zaman-zaman "genosid" məsələsini qaldırmaları bizim də mənliyimizə toxunan amillərdəndir. Ona görə də, belə olan halda, Türkiyə diasporası ilə Azərbaycan diasporası arasında yardımlaşma kampaniyaları aparılır. Dağlıq Qarabağ problemi ətrafında da türkiyəli qardaşlarımız bizə yaxından dəstək olurlar. Azərbaycan bütün sahələrdə güclüdür. Bunu artıq bütün dünya qəbul edir. Ordumuzun gücü də hər kəsə bəllidir. Bu gün biz xaricdə Azərbaycanı təmsil ediriksə, sabah Ali Baş Komandanımız Prezident İlham Əliyev torpaqlarımızı düşmən işğalından azad etməyə çağırsa, biz cəbhədə də öz xalqımızı başucalığı ilə təmsil edəcəyik. Lakin əminəm ki, dövlət başçımız bu münaqişəni sülh yolu ilə həll edəcək. Bayaq qeyd etdiyim kimi, Azərbaycan öz gücü və qüdrəti ilə irəli getdikcə, Ermənistan da bir o qədər geriyə – tənəzzülə doğru gedir. İnanıram ki, yaxın vaxtlarda Ermənistan özü gəlib Azərbaycanın qapısını döyəcək və törətdiyi əməllərdən peşmançılığını dilə gətirəcəkdir. Dağlıq Qarabağ problemi problemolaraq qalmayacaq. Çünki bütün dünya Azərbaycanın haqq sözünü dəstəkləməyə başlayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB