Əlil uşaqlar niyə xarici vətəndaşlara övladlığa verilir? - ARAŞDIRMA

Əlil uşaqlar niyə xarici vətəndaşlara övladlığa verilir? - ARAŞDIRMA

Son 6 ayda üç azərbaycanlı qız uşağı xarici vətəndaşlara övladlığa verilib. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, uşaqlardan ikisi Rusiya, biri isə Fransa vətəndaşı tərəfindən övladlığa götürülüb: "Ötən il isə iki azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilib. Uşaqların biri ABŞ, digəri isə Rusiya vətəndaşı tərəfindən götürülüb. Ümumiyyətlə indiyə kimi, xarici vətəndaşlara 18 uşaq övladlığa verilib. Onların 12-i qız, 6-sı isə oğlandır. Onu da deyək ki, xarici vətəndaşlara övladlığa verilən uşaqların əksəriyyəti əlil uşaqlar olub. Xarici vətəndaşlar əlil uşaqları böyük məmnuniyyətlə övladlığa götürür və hətta bundan qurur hiss keçirir. Həmin uşaqların gələcək taleyi haqda məlumat ala bilmək üçün isə əvvəlcədən övladlığa uşaq götürən ailə ilə razılaşma əldə olunur. Həmin razılaşmaya görə, uşaq götürən hər bir ailə üç il müddətində hər 6 aydan bir uşağın yaşam tərzi ilə bağlı komitəyə məlumat verilir.

Məlumatlar şəkil və video çəkiliş şəklində təqdim olunur. Bu üsulla uşaqların yaşam tərzi haqda real olaraq məlumat almaq mümkün olur".

Övladlığa vermək üçün uşaq yoxdur

Bu gün xarici övlada ehtiyacı olan azərbaycanlı ailələrin də sayı kifayət qədər çoxdur. Hazırda 300-ə yaxın ölkə vətəndaşı övladlığa uşaq götürmək üçün növbə gözləyir.Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin övladlığa uşaq götürmə üzrə mütəxəssisi Lalə Ramazanova bildirdi ki, uşaq verilməsi prosesinin gecikdirilməsinin səbəbi atılmış uşaqların az olmasıdır: "Ölkədə atılan və imtina edilən uşaqların sayı minimuma enib. Hazırda uşaq evlərinə atılan uşaqların da sayı azalıb. Ona görə də övlad üçün növbəyə duranları təmin etmək çətinləşib. Ancaq bu cür uşaqlar olduqca onlar növbədə duran ailələrə verilir. Məsələn ötən gün 3 uşaq ailələrə övladlığa verildi. Onlardan ikisindən valideynləri imtina edib, biri isə atılıb".

60 yaşdan yuxarı şəxslərə uşaq verilmir

Mütəxəssis internatdakı uşaqların əksəriyyətinin bioloji valideynləri olduğu üçün onların övladlığa verilmədiyini dedi: "Övladlığa tamamilə valideynlər tərəfindən imtina edilmiş uşaqlar verilə bilər. Bu proses qanunla tənzimlənir və uşaq vermə zamanı bütün proseduralara mütləq şəkildə riayət olunur. Ona görə də uşaq götürən şəxs haqda bütün məlumatlar toplanır, həmin ailənin durumu öyrənilir və yalnız bundan sonra uşaq həmin şəxslərə etibar edilir. Məsələn, 60 yaşından yuxarı şəxslərə uşaq himayəyə vermək qadağandır. Ömrünün sonu və maddi vəziyyəti aşağı olan şəxslərə də uşaq verilmir. Həmçinin himayəyə verilən uşağın 18 yaşına qədər mülkiyyət hüququnun qorunması nəzərdə tutulur. Uşaqla övladlığa götürən şəxs arasında 16 yaş fərq olmalıdır. I, II, III qrup dispanser qeydiyyatında olan, daxili orqanları, sinir sistemi, bədxassəli onkoloji xəstəliyi, həmçinin narkoman, toksikoman, alkoqol düşkünləri, infeksion və ruhi xəstəliklərdən əziyyət çəkənlərə uşaq verilməsi qadağandır. Onu da deyim ki, övladlığagötürmə sirri gizli saxlanılır. Ancaq icra hakimiyyətinin əməkdaşı 6 aydan bir monitorinq apara bilər və uşağın gələcək taleyinin izlədilməsinə icazə var".

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə