Azərbaycanla Belarus arasında Elmi Əməkdaşlıq Haqqında Niyyət Protokolu imzalanıb

Azərbaycanla Belarus arasında Elmi Əməkdaşlıq Haqqında Niyyət Protokolu imzalanıb

07 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında Elmi Əməkdaşlıq Haqqında Niyyət Protokolu imzalanıb. Sazişi Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun Elmi şurasının sədri – icraçı direksiyanın direktoru Valentin Orloviç imzalayıblar.

Fonddan SİA-ya verilən xəbərə görə, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu 1991-ci ildə təsis olunub və əsas məqsədi qrant layihələrinin maliyyələşdirmə yolu ilə elmə dəstək göstərməkdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən görüş zamanı Belarus və Azərbaycan alimlərinin əməkdaşlıq səviyyəsi və onun vəziyyəti barədə müzakirələr keçirilib. Böyük elmi potensialı və əməkdaşlıq üçün qarşılıqlı marağı nəzərə alaraq, tərəflər yekdil olaraq razılaşdırıblar ki, bu iki Fond arasında elmi əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsi hər iki ölkənin alimlərinin köklü maraqlarına cavab verir.

Tərəflər, qarşılıqlı münasibətləri möhkəmləndirmək və hər iki Respublikanın alimləri arasında mövcud olan ənənəvi elmi əlaqələri inkişaf etdirmək haqqında arzularını rəhbər tutaraq, Azərbaycan Respublikasında və Belarus Respublikasında elmin inkişafı maraqlarından çıxış edərək, Belarus Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış 03 iyun 2010-cu il tarixli elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin uyğun bəndlərini nəzərə alaraq, tərəflər üçün qarşılıqlı maraq kəsb edən və hər iki Respublikanın qanunvericiliyinə, həmçinin hər iki Fondun nizamnamələrinə və müsabiqələrinin keçirilmə qaydalarına zidd olmayan müştərək elmi proqram və layihələrin birgə qrant müsabiqələrinin keçirilməsi və digər elmi tədbirlərin təşkili yolu ilə reallaşdırılması sahəsində fəal əməkdaşlıq etmək haqqında niyyətlərini bildiriblər.

Tərəflər, hər iki Respublikanın qanunvericiliyinə uyğun olaraq qarşılıqlı məsləhətləşmə və razılaşdırılmalardan sonra, EİF və BRFTF arasında Elmi əməkdaşlıq haqqında Sazişin yüksək səviyyədə və hərtərəfli olaraq hazırlanması və bağlanmasının məqsədəuyğun olduğu qənaətinə gəliblər.

Bu Protokolun niyyətlərini reallaşdırmaq və birgə fəaliyyətin operativ koordinasiyasını həyata keçirmək üçün, tərəflərin təmsilçilərindən ibarət İşçi qrup yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə