Belarusun Baş naziri Gəncədə səfərdə olub

Belarusun Baş naziri Gəncədə səfərdə olub

Belarusun Baş naziri Mixail Myasnikoviçi Gəncə şəhərinə səfəri çərçivəsində nəqliyyat naziri Ziya Məmmədov müşayiət edib. Hava limanında qonaqları, şəhər İcra Hakimiyyətinin rəhbərliyi və digər rəsmi şəxslər qarşılayıb.

Baş nazir Mixail Myasnikoviç səfərinə ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Diplomat abidə önünə gül dəstələri düzüb. Ardından Belarusdan olan nümayəndə heyəti dünya şöhrətli şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Şeyxin qəbri üstünə gül dəstələri düzüb, xatirə kitabına ürək sözlərini yazıb.

Günün ikinci yarısında isə Belarusun baş naziri nümayəndə heyəti ilə birgə Gəncə Avtomobil Zavodunda olub. Məlumat üçün bildirək ki, Gəncə Avtomobil Zavodu, Belarus və Almaniyanın avtomobil şirkətləri ilə birgə fəaliyyət göstərir. Üç qurum arasında əldə olunan razılaşmaya uyğun əsasən Almaniya və Belarusdan kommunal tipli avtomobillərin ehtiyat hissələri gətirilərək Gəncə Avtomobil Zavodunda yığılır. Mixail Myasinkoviçə müəssisədə aparılan yenidən qurma işləri barədə ətraflı məlumat verilib.

Diplomat müəssisəni gəzib. Zavodda çalışanlar qarşısında çıxış edən Baş nazir bu gün Azərbaycan və Belarus dövlətləri arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib. Xüsusən iqtisadi sahədə bu əlaqələr daha da genişləndirilir.

Tədbirdə həmçinin Almaniya-Belarus və Azərbaycan dövlətlərinin birgə avtomobil yığımı, satışı və digər məsəllər ətrafında 10-dan artıq memorandum imzalanıb.

Ayrıca yeni sexin açılış mərasimi keçirilib. İstifadəyə verilən sexin ümumi ərazisi 7000 kv. metrdir. İstehsalat sahəsi texnoloji xətt və ən müasir avadanlıqlarla təchiz olunub. Bağlanan üçtərəfli müqaviləyə əsasən yeni istehsalat sexində məişət tullantılarının yığımı üçün nəzərdə tutulan avtomobillər hazırlanacaq. İlkin mərhələdə 150 avtomobilin yığılması gündəmdədir. Kommunal Texnikalar təkcə Azərbaycan bazarında deyil Türkiyə və Gürcüstanda da satışa çıxarılacaq.

Bununla da Belarusun baş naziri Mixail Myasnikoviçin Gəncəyə səfəri başa çatıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə