Elman Bünyadov: “Bu mənim timsalımda bütün Azərbaycan müəllimlərinin ləyaqətinin təhqir olunmasıdır” - MÜNASİBƏT
Bir müddət əvvəl müxalifət yönümlü reket qəzetlərin birində Sabirabad rayonunun Təhsil Şöbəsinin müdiri Elman Bünyadovla bağlı iyrənc bir ittihamın şahidi olduq. Bundan sonra məsələ ilə bağlı fikirlərini soruşmaq üçün Elman müəllimi "Səsimə Səs ver" verilişinə qonaq çağırdıq. İttihamlardan bezən Elman müəllim dəvətimizi qəbul edərək studiyamızda suallarımızı cavablandırdı, haqqlarını müdafiə etdi və haqqa çağırış edərək səsinin duyulmasını tələb etdi.
- Elman müəllim, sizin haqqınızda qəzetdə yayılan çox ağır bir ittihamın şahidi olduq. Bu məqsədlə də sizi studiyamıza dəvət etdik. Şayiələrlə bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz, əslində reket qəzetlər bizim kimi insalar və ziyalı təbəqə tərəfindn sayılıb oxunmur. Lakin bu cür məlumatların yerləşdirilməsi istənilən halda ləyaqətə təhqirdir. Məlumatda bildirilib ki, guya mən rayonun 9-cu sinif şagirdlərindən birini otağıma dəvət edərək təcavüz etmişəm. Bu kimi ittihamları faktlar olmadan kiminsə dərc etməsi birbaşa cinayətdir. İlk olaraq bu yazı bir internet saytında yayıldı. Səhəri gün müxalifət yönümlü qəzetlərdən biri məlumatı dərc etdi. Hər nə qədər jurnalistlərə hörmət etsəm də, jurnalist etikasına uyğun davranmaq üçün bu yazını dərc edənlər mənimlə əlaqə yaratmalı, mənim dilimdən də hadisəni eşitməli idilər. Çünki bu elə bir məsələ deyil ki, heç bir faktsız ittiham edəsən. Burada bir ailə başçısının, bir tərbiyəçinin ləyaqəti birbaşa təhqir olunur. Üstəlik mən müraciət edərək bildirdim ki, həmin o qız uşağının adını da açıqlasınlar, amma təbii ki, bunu etmədilər çünki belə bir hadisə yoxdur və ola da bilməzdi. Mən işlədiyim idarədə, kənddə o qədər böyük hörmət qazanmışam ki, insanların sevgisi məni işimə daha da həvəsləndirir. Hər keçən gün işimdə artan nailiyyətlər məni sevindirərək həvəsləndirir. Bütün Sabirabad ziyalıları bu məsələdən dərin üzüntülərini bildirir, mənə dəstək verirlər. Hamı bu ağır ittihamdan nigarançılığını dilə gətirir.
- Ola bilərmi ki işinizdəki nailiyyətlər kimlərsə tərəfindən qısqanclıqla qarşılanıb və bu hadisə həmin qısqanclığın nəticəsidir?
- Bəli mən bu fikirlə birmənalı şəkildə razılaşıram. Mənim şöbəyə təyin edildiyim vaxtdan bu yana Sabirabad təhsilində köklü surətdə dəyişikliklər olub. Bugün fəxrlə qeyd edə bilərəm ki, Sabirabad rayonunun təhsili respublikanın aparıcı təhsil sistemlərindən biridir. Müqayisə üçün qeyd etmək istəyirəm ki, əgər məndən əvvəl Sabirabad rayonundan 550-dən çox bal toplayıb ali məktəbə qəbul olan olmamışdısa, məndən sonra 600-dən yuxarı bal toplayan 7 nəfər olub və bir sıra prezident təqaüdçülərimiz var. Məndən əvvəl 1 il ərzində 132 nəfər, mənim rəhbərlik etdiyim 1 ildə isə 208 nəfər ali məktəbə daxil olub. Bütün bunlar mənim Sabirabad rayonunun təhsilinə verdiyim töhvələrin nəticəsidir. Bütün bunları nəzərə alaraq kimlərinsə qısqanclıqla bəzi addımlar atması real qəbul oluna bilərdi. Amma bu, nə qısqanclığa, nə də başqa heç bir anlayışa sığan davranış deyil. Bu ancaq reallıq olsa qəbul oluna bilər, amma göründüyü kimi yayılan məlumatların nəinki reallıq, heç şayiə olduğu ilə bağlı da heç bir məlumat yoxdur. Odur ki, mən bir daha qeyd etmək istəyirəm ki, bu cür ittihamları yayan insanlar hər şeydən əvvəl vicdanlarının səsinə qulaq asmalıdırlar. Çünki mənim rayonda gördüyüm inkişaf yönümlü bu qədər işlərdən sonra, bu cür iyrənc bir yazının ortaya çıxması bütün Sabirabad müəllimlərinə zərbə vudu. İnsanlar bu vəziyyətdən belə nigaran oldularsa, düşünün ki, mən hansı halları keçirdim. Düzdür, alnım ağ, ürəyim rahat olduğundan mən hamının üzünə dik baxıram. Amma bu o demək deyil ki, olanlar mənim vecimə deyil. Mənim qədər bu hadisdən zədələnən nigarançılıq keçirən ola bilməz.
- Ümumiyyətlə, bu ittihamları bir kənara buraxıb, Elman müəllimin kim olduğunu, necə ailəyə sahib olduğunu və ailədə necə bir rəhbər olduğunu bilmək istərdim.
- Çox maraqlı sualdır. Elman müəllim o qədər gözəl bir ailəyə sahibdir ki, mən bunu danışmaqla bitirə bilmərəm. Mən çox gözəl, çox dürüst və saf ailəyə sahibəm. Bunun üçün də həmişə allahıma şükür etmişəm. Ətrafımda məni tanıyan bütün insanlar həmişə nümunəvi ailə başçısı adlandırıblar. 2 oğul atasıyam. Oğullarımın biri Bakı Dövlət Universitetinin məzunu, bununla yanaşı 3 qat respublika çempionudur. Digər oğlum isə 4 qat respublika çempionudur və hazırda hərbi qulluqdadır. Həyat yoldaşım isə həmin bu sözügedən məktəbdə 9-cu sinif rəhbəridir. Mən ailəmlə hər zaman fəxr etmişəm. Onlar mənim necə bir insan olduğumu bilirlər və mən bilirəm ki, mənə bütün ürəkləri ilə inanırlar.
- Maraqlıdır, Elman müəllim, həmin məktəbdə 9-cu sinfin sinif rəhbəri olan həyat yoldaşınıza bu hadisə necə təsir edib? Ailənizin hazırkı psixoloji durumu haqda bizə məlumat verərdiniz.
- Bəli qeyd etdiyiniz kimi, həyat yoldaşım o məktəbdə sinif rəhbəridir. Şagirdlər tərəfindən çox sevilən, hörmət edilən bir rəhbər, düzgün bir tərbiyəçidir. Bu ittiham ilk dəfə saytda yayılanda mən həmin gün saytın rəhbəri ilə əlaqə yaratdım. Onunla danışanda da bildirdim ki, mən həyat yoldaşımın gözlərinə dik baxıram. Ümumiyyətlə, mənim ailəm necə bir insan olduğumu, necə bir şəxsiyyətə sahib olduğumu bilir. Ona görə də bu cür əsassız məlumatlardan hər hansı problem yaşamırlar. Amma təbii ki, bu məsələ mənim və ailəmin psixoloji durumumuza son dərəcə mənfi təsir edir. Hər nə qədər mənə güvənsələr də, inansalar da bu elə bir məsələ deyil ki, bunu unutmaq boş vermək mümkün olsun. Bu cür əxlaqdan kənar ittihamları ortaya atan insanlar heç bir fakta əsaslanmadan məni ailəmin, bütün ətrafımdakıların yanında pis vəziyyətə sala bilərdilər. Bu mənim timsalımda bütün müəllimlərin şərəfinin təhqiridir. Bu cür alçaldıcı ittihamları yayan insanların heç bir məsuliyyətdən qorxmaması, çəkinməməsi də ayrı bir dəhşətdir. Mənim ailəm mənə güvəndiyindən mənimlə ciddi bir problem yaşamırlar. Amma elə ola bilərdi ki, bu ittiham bir ailənin sonuna, hətta bir intihara belə səbəb ola bilərdi. Həyat yoldaşım bu məsələdən sonra dəfələrlə mənimlə fəxr etdiyini vurğulayıb. Sadəcə olaraq, mən bugün Azərbaycan etikasına yaraşmayan bu cür ittihamları yayan şəxslərin cəzalandırılmasını istəyirəm.
Bu da müxalif qüvvələrin və onlara xidmət edən medianın iyrənc siyasətinin bariz nümunələrindən biri. Jurnalist söz azadlığının ən böyük təmsilçisidir, amma əgər söz azadlığı vicdan azadlığına qalib gəlirsə, o məkanda jurnalistika ölür!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB