Elman Yusifov: “Əkilən ağacların 50 faizi məhv olub” - MÜSAHİBƏ

"Ecostyle-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifovun SİA-ya müsahibəsi:

- Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi sahəsində qanunverici bazanı yetərli saymaq olarmı?

- Ətraf mühitin mühafizəsi üzrə qanunverici baza yetəri qədər kifayətdir. Azərbaycanda bu sahəyə aid təxminən 50-ə yaxın qanun var. Bununla yanaşı, Azərbaycan bir sıra ətraf mühitin mühafizənin idarə edilməsi ilə bağlı konvensiyalara qoşulub. Milli Məclis də bu konvensiyaları ratifikasiya edib. Qanunların olması o demək deyil ki, ətraf mühitin mühafizəsində bu effektiv nəticə verəcək. Təbii ki, bu məsələlərində öz icrası var. İkinci məsələ isə həmin işlərə dövlət məmurları tərəfindən düzgün əməl edilməsidir.

- Bəzən yaşıllaşdırma məhv edilir, bir növ ekoloji terror həyata keçirilir. Bu ekoloji balansın pozulmasına xidmət etmirki?

- Təbii ki, xidmət edir. Əgər fikir versəniz, şahidi olarsınız ki, bir çox ölkə prezidentlərinin zirvə görüşlərində iqtisadi, sosial məsələlərlə yanaşı, həm də ətraf mühitin mühafizəsi də xüsusi məsələlər sırasında vacib punkt kimi dayanır. Artıq bəşəriyyət bilir ki, həyatı tək pulla, iqtisadi inkişafla təmin etmək olmaz. Təbiətin özünün çox güclü sığorta sistemi var. Azərbaycan ərazisinin optimal qiymətləndirməsinə görə, ərazinin 11 %-i yaşıllıqla örtülüdür. Bu da ekoloqların hesablamalarına görə, qəbul edilən normadan 3 dəfə artıqdır. Bildiyimizə görə də müasir sənaye şəraitində ölkə ərazisinin ən azı 30 %-i yaşıllıq olmalıdır. Statistik göstəricilər isə bəyan edir ki, bu rəqəmlər 3 dəfə azdır. Buna görə də bizim meşələr birinci və ya ikinci kateqoriyadır. Yəni həyati vacib ekoloji əhəmiyyətli meşələrdir. Onlar qəti şəkildə kəsilə bilməz. Ötən il "Ekologiya ili" elan olunmuşdu. Bununla bağlı keçən il yekun hesabata görə ölkəmizdə 6 milyona ağac əkilib. Baxmayaraq ki, ölkəmizin bir çox vacib əhəmiyyətli problemləri var, ancaq buna rəğmən ətraf mühitin mühafizəsi məsələsi hər zaman diqqət mərkəzində olur. Əsas ağacların əkilməsi məsələsi deyil. Vacib məsələlərdən ən önəmlisi odur ki, həmin ağaclar əkildikdən sonra qorunurmu? Bununla bağlı olaraq qurumumuz monitorinq keçirdi. Monitorinqin nəticəsi olaraq bəlli oldu ki, əkilən ağacların 50 %-i məhv olub. Təklif edərdik ki, hər bir ağaca bir nəfər təhkim edilsin. Bu həm görülən işin və xərclənən vəsaitin boş yerə getmədiyinin bariz nümunəsi, həm də ağacların canlı varlıq olaraqdan qorunmasına şərait yaratmış olar. Hətta hind nəzəriyyəçilərinin fikirlərinə görə ağaclar da nə vaxtsa insan olublar.

- İnsanların sosial və ekoloji hüquqları qorunurmu?

- Əgər evimizin qarşısında hər hansı sahibkar tərəfindən ağac sökülərsə, o zaman təbii ki, insanların hüququ pozulur. İkinci bir tərəfdən isə burada hüquqlar tam təmin edilmir. Baxmayaraq ki, bu il turizm ili elan olunub və müəyyən işlər görülür, ancaq yenə də yetərli olmayan cəhətlər də mövcuddur. Bir çox regionlarımızda olan turizm obyektləri heç də ürəkaçan deyil. Bəzi yerlərdə mehmanxanalar vəziyyəti acınacaqlıdır, digərləri isə təmir olunub. Bu obyekt Bərdə şəhəri ilə Hacıqabulun kəsişdiyi yerdədir. Bununla yanaşı, bir çox ərazilərimizə gedən yollar pis vəziyyətdədir. Misal olaraq deyə bilərəm ki, yollarımızın bərbad vəziyyətdə olması maşınları sıradan çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə