Sinan Oğan: “Dağlıq Qarabağ münaqişəsi BMT-yə gətirilsə, ədalətli şəkildə həll olunması ehtimalı var”
Prezidentlər arasında keçirilən görüşlərin heç bir nəticəsi olmayacaq. SİA-nın xəbərinə görə, bunu Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri, Türkiyə Böyük Millət Məclisində təmsil olunan azərbaycanlı deputat Sinan Oğan deyib. O bildirib ki, bu gün masa arxasından qaçan ölkənin Ermənistan olması lazımdır. Hazırki dövrdə vaxtın Ermənistanın əleyhinə işlədiyini deyən S.Oğan vaxtilə bu sözün 1996-cı ildə münaqişənin ən böyük günahkarlarından biri olan Levan Ter-Petrasyan tərəfindən səsləndiyini bildirib.
"1996-cı ildən artıq uzun bir zaman keçib. İndi Azərbaycan haradadır, Ermənistan harada qalıb. Hər il Azərbaycanın nüfuzu daha da yüksəlir, iqtisadi potensialına paralel olaraq hərbi potensialı daha da artır. Artıq bu gün Ermənistanla danışacağımız dil başqa bir dildir. Əgər 10-20 il əvvəl Ermənistana "gəl oturaq, məsələni müzakirə edək" deyən tərəf biz idiksə, bundan sonra Ermənistan söyləyəcək ki, "gəlin bu məsələni həll edək". Hələ indi belədirsə, 5 il sonra vəziyyət tamamilə yüksələn xətlə irəliləyəcək və Azərbaycan daha çox güclü olacaq. Buna görə də əgər Ermənistanın ağlı, düzgün siyasəti varsa, bugün gəlib xoşməramlı şəkildə etdiyi səhvi düzəldər, işğal etdiyi torpaqlardan əl çəkər. Əgər etməsə, Azərbaycan nəinki Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş rayonları, həmçinin xarici Azərbaycan torpaqlarını geriyə qaytara biləcək siyasi, iqtisadi, hərbi potensialı olacaq. Bunun həm dostlarımız, həm də düşmənlərimiz tərəfindən bilinməsi lazımdır. Azərbaycan nəinki müasir dövrdə işğal edilən, hətta qədim dövrlərdə işğal edilən torpaqları qaytarmaq iqtidarına malikdir", - deyə o əlavə edib.
S.Oğan Kazan görüşündən sonra danışıqların Minsk Qrupu formatında deyil, BMT formatında həll edilməsi məsələsinin gündəmə gətirilməsinə də münasibət bildirib. O vurğulayıb ki, Türkiyə uzun müddətdən bəri Minsk Qrupunun heç bir nəticəsinin olmadığını, olacağına dair də heç bir şey gözlənilmədiyini söyləyir: "Bu forma dəyişməlidir. Minsk Qrupunun 3 üzvü var və hər birinin Ermənistana və Azərbaycana münasibətləri fərqlidir. Bu məsələ-Dağlıq Qarabağ münaqişəsi BMT-yə gətirilsə, ədalətli şəkildə onun həll olunması ehtimalı var. Orada da məsələnin 100% həll olunacağı deyə bir şey yoxdur, amma yenə də hansısa irəliləyişlərə nail oluna bilər. Ermənistan və Rusiya iqtidarı da bunun fərqindədirlər, amma bu formatla məsələnin çözülmə ehtimalı sıfıra bərabərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB