Ermənilər tarixi abidəmiz olan Gəncəsər monastırını məhv edir – FOTOSESSİYA

Ermənilər tarixi abidəmiz olan Gəncəsər monastırını məhv edir – FOTOSESSİYA

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələri məhv etməkdə davam edir. SİA-nın apardığı araşdırmaya əsasən ermənilər Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı olan Gəncəsər monastırını "restavrasiya" adı altında bərbad hala salıblar. Şəkillərdən görsəndiyi kimi tarixi memarlıq abidənin divarları tamamilə dağıdılaraq yeni daşlarla əvəz edilib.

Hündür qala divarları ilə əhatə olunmuş Gəncəsər kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn məbəd binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Lakin yeni təmir işləri kilsənin köhnə formasından əsar-əlamət qalmayacağına dəlalət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq niyyətlərinə haqq qazandırmaq məqsədi ilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrlarını erməni abidələri elan edirlər. Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. Azərbaycandakı bir sıra alban xristian abidələri bütün tarixi sübutlara əsasən, xalqımızın milli mədəni irsinə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə