Səlim Müslümov: “Pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modelinin hazırlanması layihəsi üzrə tenderin qalibləri yaxın günlərdə elan olunacaq”

Səlim Müslümov: “Pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modelinin hazırlanması layihəsi üzrə tenderin qalibləri yaxın günlərdə elan olunacaq”

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanın pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modelinin hazırlanması layihəsi üzrə tender elan edib. SİA-nın xəbərinə görə, bu barədə DSMF-nun sədri Səlim Müslümov deyib. O bildirib ki, bu tenderə 5-6-ya yaxın şirkət müxtəlif təkliflərlə qatılıb. Onun sözlərinə görə, tender təkliflərinin baxılması üçün Tender Komissiyası var və buraya Fondun, Maliyyə və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxildir: "Mənə verilən ilkin məlumata görə, iki şirkət digərlərinə nisbətən daha üstün mövqeyə malikdir. Toplanmış ballara əsasən, onların göstəricisi 80 bala yaxın idi. Hətta bir ABŞ şirkətinin balı 83.5-dir. Yaxın günlərdə tenderin qalibləri elan olunacaq".

S.Müslümov qeyd edib ki, onların əsas işləri ölkədə pensiya-sığorta sisteminin mövcud vəziyyətini tam qiymətləndirməklə, sistemin 25-30 il sonra da inkişafı üçün aktual hesablamalar aparmaqla, nəticələr üzləşdirməklə müvafiq təkliflər irəli sürüləcək. Bir il yarım ərzində bu proseslərin tam olaraq həyata keçirilməli olduğunu deyən fondun sədri bildirib ki, bugünə qədər öz güclərilə belə aktual hesablamalar aparmağa çalışıblar.

"Amma daha detallaşdırılmış, daha çox faktoru özündə əks etdirən model ortaya qoyulmalıdır. Buna görə də ABŞ-ın ticarətə və inkişafa dəstək proqramı çərçivəsində bir layihə həyata keçirilib və bu da 1 milyon 100 min dollar həcmindədir. Sentyabr-oktyabr ayında bu geniş ictimaiyyətə təqdim olunacaq. Burada əsas məsələ sığorta-pensiya hissəsində qeydiyyata alınan sığorta ödəyicilərinin sayının artırılmasından ibarətdir. Qeyri-formal sektorun sayını azaldaraq, insanların kütləvi şəkildə sosial müdafiə sektorunda rəsmi qeydiyyata düşmələri çox vacibdir. Ən əsas məsələ budur və aktual hesablamalar da bunu göstərəcək ki, bunun 5% artırılması bizə hansı əlavə imkanlar yaradacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə