Tofiq Atazadə: “Azərbaycan Avropa Atcılıq Federasiyasına üzv olmağa hazırdır” - AÇIQLAMA
İnsanın ən sədaqətli dostu at Azərbaycan xalqı üçün igidlik, sədaqət rəmzidir. Ta qədimdən Azərbaycan dünyaya Qarabağ, Quba, Bakı, Qazaxda yetişdirilən cins köhlən atları ilə səs salıb.
Ancaq Sovet dövründə atçılığa verilən dəyər, münasibət öz aktuallığını itirdiyi üçün atcılıq təssərüfatları dağıdıldı, baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələndi. Qarabağ müharibəsi nəticəsində isə atların yetişdirildiyi ən iri müəssisələrdən biri olan Ağdam Atçılıq Zavodu dağıdıldı.
Bəs görəsən Azərbaycan atına əvvəlki şöhrəti qaytarmaq istiqamətində hər-hansı işlər görülürmü?
SİA-nın araşdırmasına görə, ölkədə atçılığın inkişafı istiqamətində son illər xeyli işlər görülüb və nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Ukraynadan sonrakı yerdədir. Azərbaycan hökuməti isə atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə proqram təsdiqləyib. Proqramda atçılığın inkişaf etdirilməsi üçün mütəxəssislərin hazırlanması, atların pasportlaşdırılması, normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması və s. nəzərdə tutulur.
Azərbaycan atına dünya şöhrətinin qaytarılması üçün ölkəmizin Avropa Atçılıq Federasiyasına üzv olması məsələsi də gündəmə gətirilib. Bu məqsədlə sözügedən federasiyaya müraciət olunub və federasiya üzvləri atçılığın vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olub. Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin Aparatında böyük məsləhətçi, baytar Tofiq Atazadə verdi: "Öncə onu deyim ki, atçılığın ölkədə inkişafı üçün dövlət başçısının sərəncamı ilə Atçılıq Federasiyası yaradılıb. Federasiyanın atçılıq klublarında ingilis, ərəb, Qarabağ və s. atlar hazırlanır. Ancaq bu atların beynəlxalq yarışlara çıxarılması üçün isə ölkəmizin Avropa Atçılıq Federasiyasına üzv olmalıdır. Bu məqsədlə federasiyaya müraciət olundu və vəziyyətlə tanış olmaq üçün Federasiya tərəfindən ölkəmizdə atçılığın vəziyyətini öyrənmək üçün komissiya göndərildi. Ancaq ölkəmizdə atçılığın durum komissiya üzvlərini razı salmadı və onlar tərəfindən bir sıra şərtlər irəli sürüldü. Artıq xeyli müddətdir ki, həmin tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülür".
T.Atazadə əsas şərtlərdən biri olan atların identifikasiya olunma prosesinin yekunlaşmaq üzrə olduğunu da dedi: "Federasiyaya üzv olmaq üçün ölkə ərazisində olan hər bir at qeydə alınmalı, pasport və çiplə təmin olunmalıdır. Eyni zamanda atlar 8 xəstəliyə qarşı müayinədən keçirilməlidir. Artıq bu işlərin böyük bir hissəsi həyata keçirilib. Belə ki, elektron milli informasiya sistemi yaradılıb və oraya hər bir rayondan atlarla bağlı elektron versiyada hesabatlar daxil olur. Pasportlaşma prosesi də yekunlaşmaq üzrədir. Artıq ölkə ərazisinə xaricdən gətirilən cins atların hamısı pasportlaşdırılıb. Yerli və iş atlarının pasportlaşdırılması isə tezliklə başa çatacaq. Federasiyanın digər tələbi olan cipləşmə prosesi də Azərbaycan Atcılıq Federasiyasının bəzi müəssisələrində yekunlaşıb. Qalan yerlərdə isə bu istiqamətində iş davam edir. Atların xəstəliklərdən müayinəsinə gəlincə isə, qeyd edim ki, Respublika Baytarlıq Laboratoriyasında atlar 8 xəstəliyə qarsı müayinə olunub. Nəticənin təsdiqlənməsi üçün bu günlərdə həmin nəticələr dünyanın məşhur referent və ya Avropa Birliyi tərəfindən akkreditə olunmuş laboratoriyalarından birinə göndəriləcək. Oradan təsdiq cavabı alındıqdan sonra isə yenidən Avropa Atçılıq Federasiyasına müraciət olunacaq. Ümid edirik ki, Azərbaycan tezliklə Avropa Atçılıq Federasiyasında təmsil olunacaq".
Mütəxəssis atlara veriləcək pasport və ciplərin mahiyyəti haqda da təlimat verdi: "Pasportda atın sahibinin adı, cinsi, çipin nömrəsi, atın nömrəsi, ölçüləri və sair yer alacaq. Çipdə sə loru dildə desək, atın elektron sənədi olacaq. Belə ki, üzəri qalın şüşədən olan kiçik həcmli dəmir qurğu ömürlük olaraq atın boyun nahiyəsində yerləşdiriləcək. Orada atın adı, nömrəsi, ləqəbi, ata-anası, cinsi, sahibinin adı, hansı nəsildən olması və bu kimi məlumatlar daxil ediləcək. Sonra həmin məlumat kompüterin yaddaşına daxil ediləcək ki, bundan sonra çip olan hissəyə xüsusi cihaz yaxınlaşdırıldıqdan sonra at haqqındakı bütün məlumatları kompyuterdə oxumaq mümkün olacaq".
Sonda isə T.Atazadə ölkədəki atların sayı ilə bağlı da məlumat verdi: "Hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Qarabağ" və "Dilboz" atlarıdır. Azərbaycanın yerli cins atları öz xüsusiyyətlərinə görə digər atlardan seçilir. Qarabağ atları tünd-qəhvəyi, əsasən kürən olur. Hündürlüyü 150 sm olan bu atlar çaparaq və cəld yerişlidir. Çevik, hərəkəti səlis, bədən quruluşu möhkəm olan at həm də dözümlü və yemə qarşı tələbkar olmaması ilə fərqlənir. "Dilboz" atları isə yeganə cinslərdəndir ki, yaşadığı dövrdə 2 dəfə rəngini dəyişir. Belə ki, anadan olanda 2 - 3 yaşa kimi açıq-boz, getdikcə isə mavi rəng almağa başlayır. Hər iki cinsdən olan atlar sürətlə qaçan və yorulmazdır. Ümumilikdə ölkəmizdə 76 min təkdırnaqlı var. Buraya at, qatır və ulaq daxildir. Sırf cins atların, yəni Qarabağ və "Dilboz" atlarının sayı isə 471 başdır. Yerdə qalan qatışıqcinsli atların sayı isə 600-ə yaxındır".
Mirvari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB