“Ekologiya və mənəviyyat” adlı konfrans keçirilib

“Ekologiya və mənəviyyat” adlı konfrans keçirilib

Din və Demokratiya Mərkəzi "Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması" layihəsi çərçivəsində "Ekologiya və mənəviyyat" adlı konfrans keçirib.

SİA-nın xəbərinə görə, Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu Quran-i Kərim-dən sitatlar gətirərək təbiətə sayğılı münasibətin müsəlmanlar üçün vacib bir din borcu olduğu qənaətini iştirakçılarla paylaşıb. Məruzəçi qeyd edib ki, təbiət öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan ("Məgər görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə..." – Həcc surəsi, 18) insanların da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə alınmalıdır.

N. Qasımoğlu iştirakçıların diqqətinə çatdırıb ki, insanların istifadəsində olan torpaq, su, hava, od, meşə, çay, dəniz və s. Hamının ümumi sərvəti hesab olunsa da, bunların üzərində şəriksiz mülkiyyət hüququ, Quran məntiqinə görə, Tanrıya məxsusdur: "Onundur göylərdə nə varsa, yerdə varsa" (Həcc surəsi, 64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi mündəricəsi təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi təsdiq edir.

Sonra Din və Demokratiya Mərkəzinin sədr müavini Vasif Sadıqlı Azərbaycan mədəniyyəti, ədəbiyyatında ekoloji məsələlərin qoyuluşu, Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova ətraf mühitin, təbiətin zədələnməsilə bağlı qlobal ekoloji böhran barədə danışıb.

Tədbirdə Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin təmsilçisi Hacı Fuad Nurullah, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Dionisiy Sveçnikov, Bakı Bəhai dini icmasından Azər Cəfərov, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Gürcü Yəhudiləri icmasının rəhbəri Moisey Bekker, professor Niyazi Mehdi çıxış edərək ətraf mühitə sayğılı münasibətə müxtəlif dinlərin verdiyi əhəmiyyəti vurğulayıblar. Konfrans digər iştirakçıların da müdaxilələri ilə fəal müzakirə aparılıb və sonda qətnamə qəbul edilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması" layihəsi çərçivəsində gerçəkləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə