İnama Qovuşdurma Törəni keçirilib

İnama Qovuşdurma Törəni keçirilib

İyulun 3-də Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının evində ulusumuzun sabahı üçün gərəkli bir tədbir-"İnama Qovuşdurma Törəni" keçirilib.

SİA-nın məlumatına görə, Ocaq Yükümlüsü İşıqlı Atalı törənə qısa açılış sözü deyib.

Sonra İşıqlı Atalı, Yolruh Atalı və Uluruh Atalı öz uşaqlarıyla Ruhani Başçı Safruhun qarşısına gəlib balalarının İnamçı Soyuna qovuşdurulmasını istəyiblər: "Ulu Atamızın Ocağı balamıza bir ad versin, onu İnamçı Soyumuza qovuşdursun!"

Safruh İnama Qovuşdurulanlar üçün uğurlamasını oxuyub: "Bundan sonra Güntəkinin ruhani adı Güntəkin İnamsoy, Türkayın ruhani adı Türkay İnamsoy, Oğuzun ruhani adı Oğuz İnamsoy, Göynurun ruhani adı Göynur İnamsoy olur. Onların ulu ruhani babaları İnam Ata, Kutsal Kitabları Mütləqə İnam Onluğu, İnancları (Dünyabaxışları) – Mütləqçi, Soyları Atalı, Müqəddəs şəhərləri Atakənd – Bakı olur. Ağgünlü, uğurlu, ərdəmli, hünərli, işıqlı yaşam yaşasınlar. Ata-analarına, ailələrinə, ulus və yurdlarına,inanclarına bağlı böyüsünlər".

Sonra İnama qovuşdurulanların sağ əli İnam Atanın "Kutsal Öyrəti" Kitabına toxundurulub. Törən münasibətilə toplaşanlara rəmzi şərbət verilib.

Törənin mövzusuyla bağlı çıxışlar zamanı Ocaq Yükümlüsü İşıqlı Atalı deyib: "Zaman-zaman bizə özgəlikləri doğmalaşdırmağa çalışıblar. İnam Atanın yaratdığı Dünya baxış bizə ciddi gələnəklər yaratmağa imkan verir.Ocaq xalqa Beşikbaşı (Evlənmə) və Ölügötürmək uralarını təqdim edir.İnama Qovuşdurmada bu yöndəki xəlqi-ruhani törənlərimizdəndir. Sabah bu törənlər xalqın yaşamında daha ciddi səviyyədə gerçəkləşəcək".

Yolruh Atalı bu törənlə Türk Ruhaniyyatının tarixində müqəddəs bir hadisə baş verdiyini vurğulayıb.

Ocaq dostu Qəşəm Ruhdaş, Ruhand, Doğma Atalı da törən münasibətilə iştirakçıları təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə