Öncəgörücü Həlimə xanımın SİA-ya müsahibəsi
- Həlimə xanım, söhbətə tərcümeyi- halınızdan başlamaq istərdim.
- 1959-cu ildə Astara rayonunun Pensər kəndində anadan olmuşam. Seyid Camaləddin babamın ocağıdır.
Atamın işi ilə bağlı Astara rayonuna köçmüşük. Mən rayondakı dəmir yolu məktəbində təhsil almışam. 1978-ci ildə ailə həyatı qurmuşam. 1982-ci ildən İranda, Türkiyədə Azərbaycanın bir çox yerlərindəki ziyarətgahlarda olmuşam. O cümlədən Rusiya Federasiyasında bir çox müsəlman məscidlərdə olmuşam.
- Ziyarətgahlara niyə tez-tez gedirsiniz?
- Allahın evini ziyarət etməkdən xoşum gəlir. Ziyarətə gedib-gələndən sonra özümü yaxşı hiss edirəm. İnsanlara kömək edirəm. Allaha dua edirəm. Ziyarətə gedən adam pak olmalıdır, namaz qılmağı bilməlidir. Bir sözlə Allah adamı olmalıdır. Orada olanda yaxşı insanların hamısı üçün dua etdim. Allaha yalvardım ki, Azərbaycanda həmişə vəziyyət yaxşı olsun. Sülh olsun, mehribançılıq olsun. Allah ziyarətdə adamı eşidir.
- Sizdə öncəgörücülük qabiliyyəti var?
- Mənim ürəyimə daman hər bir şey düz olur. Allah tərəfindən verilən bu qabiliyyət məndə çoxdandır. Mənə müraciət edən insanlara məsləhətlər verirəm, xeyirli sözlər deyirəm. Allaha dua edirəm ki, o adamın işi yaxşı olsun.
- Hər adam görücü ola bilməz, bu belədirmi?
- Əlbəttə hər adam görücü ola bilməz. O adam gərək namaz qılsın, Allahı tanısın. Bu da Allahdan verilən bir vergidir.
- Bu dua yazmaq məsələsi nədir?
- Dualar Quranda var. Məsələn, qorxu duası, ruzi, şirinlik duası. Quranda kiməsə mənfi təsir göstərmək üçün yazılan dua yoxdur. Onu bir qrup fırıldaqçılar insanları aldatmaq üçün edirlər.
Mən o işi görən adamlara nifrət edirəm. Bu işlə məşğul olan adam elə bil oğurluq edir, haram yeyir. Elə adama şeytan adam deyirik. O, şeytanın yolu ilə gedir. Necə o vaxtı Peyğəmbərimizin, imamlarımızın düşmənləri olub. Bu şeytan adamlar həmin adamların davamçılarıdır.
Kiminsə taleyi Quranda yazılmayıb. Quranda hansı bürcdə kimlər doğulub ondan söhbət gedir.
Mən Quran oxuyanda müraciət edən insanın taleyi barədə fikirlər ürəyimə gəlir. Artıq beynim yorulub. Əvvəlki kimi görə bilmirəm.
- Görücülərin ürəklərinə gələn sözlərin biri düz olanda, ikisi düz çıxmır.
- Elə hadisələr olur ki, onların qarşısını almaq olmur. Xarici ölkələr nə günə qaldı, hamısı dağıldı? Onların hamısını Allah elədi. Ona görə ki, xaricdə Allahı tanımırlar. Allah da onlara bəla göndərir. O qədər yer dağıldı. Allah Azərbaycanı saxladı. Bizim Azərbaycanda altmış faiz Allah adamı var.
- Siz xeyriyyəçilik işləri ilə də məşğul olursunuz?
- Mən bu işlə 1988-ci ildən məşğul oluram. Türbələrin, ocaqların, yolların düzəlməsinə köməklik göstərirəm, yetimlərə, kimsəsizlərə, kasıblara əl tuturam. Dünyasını dəyişən kimsəsiz insanların dəfnini təşkil edirəm. Qurban kəsib yetimlər evinə, qocalar evinə verirəm. Bunların hamısını Allah yolunda edirəm. Elə adamlar var ki, milyonçudur, amma xeyirxah işlər görmək istəmir, xəsislik edir.
- Cadu məsələsi düzdürmü?
- Cadu barədə yalan deyirlər. Onu deyən adamlar fırıldaqçıdır. O adamlar şeytandırlar. Özləri bu işi təşkil edirlər. Quranda cadu yoxdur. Quranda cin, şeytan adı var. Bunlar doğru yazılıb.
- Yaxşı bədəndə cin olmasına sözünüz nədir?
- Bədəndə heç vaxt cin ola bilməz, bu beyinlə əlaqədardır. Kimin ki, beyni zəifdir, ruhi xəstədir, onun gözünə elə görsənir. Elə bilir ki, cin ona toxunur.
- Cinin bədəndə olması və onu çıxarması barədə bəzi baxıcılar iddia edirlər.
- Onu yalan deyirlər. Cin bədənə necə girə bilər? Onu deyən adamlar fırıldaqçıdır. Düzdür bədəndə ruh var, qorxu var. Adi külək əsəndə adam var ki, qorxur xəstəliyə tutulur, zəlzələ olur stress keçirir.
Elə adamlar haram yeyənlərdir. Gərək halallıqla yaşayasan, halallıqla iş görəsən. Elə adamlara deyərdim ki, düz yolda olsunlar. Yoxsa Allahın qəzəbinə gələrlər. İnsanlardan çoxlu pul alırlar. Yalandan deyirlər ki, bədənlərində cin var.
- Elə baxıcılar var deyirlər ki, vergiliyəm. Saçlarını kəsirlər, açıq-saçıq geyinirlər. Üz-gözünə rəng sürtürlər. Dində bu müsəlman qadınına haramdır. Allah adamı, vergiliyəm deyən adam abırlı-hayalı geyinməlidir.
Allah Heydər Əliyevə rəhmət eləsin, o olmasaydı Azərbaycan, Azərbaycan xalqının vəziyyəti Allah bilir necə olardı. Allah Prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya cansağlığı, uzun ömür versin. Onların gördüyü işlər göz qabağındadır. İndi Azərbaycanda sabitlikdir. Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Bütün insanları Prezidentimizin ətrafında birləşməyə çağırıram. İnşallah hər şey yaxşı olacaq.
- Gənclərin dinlə məşğul olmasına necə baxırsınız?
- Bizdə din həddindən artıq inkişaf edib. Qabaq məscidləri barmaqla saymaq olardı. İndi Azərbaycanda 2000-ə yaxın məscid var. Azərbaycanda bütün dinlərə hörmət edirlər. Gənclərin məscidlərə getmələrinə, ibadət etmələrinə yaxşı baxıram. Allahın yolu ilə getmək onları pis əməllərdən çəkindirir. Gənclər oxusalar, ağıllı olsalar hər şey yaxşı olar. Birdə bizim insanlarda paxıllıq var. Biri irəli gedən kimi onun ayağının altını qazmağa başlayırlar. Bu xasiyyətlərindən əl çəksələr yaxşı olar.
İstərdim ki, gənclər şeytanabənzər insanların fırıldaqlarına uymasınlar. Nə qədər ömrüm var istəyirəm ki, ziyarətgahlarda olum, yetimlərə əl tutum. Mən çox yoxsullara əl tutmuşam. Onu gərək deməyəsən. Hamısını Allah görür.
- Mənə İranda həkim deyib ki, ürəyinin damarı bağlıdır, üç aya öləcəksən. Əməliyyat olunmalısan. Əməliyyat üçün dostlarım pul da köçürmüşdülər. Dedim doktor mən əməliyyat istəmirəm. Həmin vaxt qulağıma səs gəldi, üstümə kəfən atdılar, dedilər get buradan. Sən bu əməliyyatdan sağ çıxmazsan. Artıq o vaxtdan altı ay keçib. Hər şey Allahın əlindədir. Həkim orada yoxlayanda dedi ki, 700 şəkər var, ürəyin bütün damarı- beyin damarı tutulub. Sən necə yaşayırsan, belə adam ölür? Həkimlər deyir ki, bizdə indiyə qədər belə xəstə olmayıb. Allah yaşadır ki, mən yaşayıram.
- Sizin əlinizdə də şəfa var?
- Məni Hacıxanım kimi böyük bilib yanıma məsləhətə gəlirlər. Mən də onlara düzgün yol göstərirəm. Mən çox ziyarətgahlara getmişəm, ona görə əlimdə şəfa da var. Burda inamda böyük rol oynayır. Elə adam olub ki, şişən boğazına dua oxuyub əl vurmuşam, inamı olduğu üçün boğazı sağalıb.
- Siz yüz faiz hər şeyi görürsünüz?
- Əvvəllər hər şeyi tam deyirdim. Beynim yorulduğu üçün indi bu göstərici əlli faizə düşüb.
- Nəvələrinizdən hansınınsa görücülük qabiliyyəti olmasına necə baxırsınız?
- Bu işin heç bir ziyanı yoxdur. Çox sevinərdim nəvələrimdən hansınınsa görücülük qabiliyyəti olsun. Allah adamı olsun, Quran oxusun, namazın qılsın.
Alimə adlı bir qızım var, üç nəvəm var: Əli, Yaşar, Cəbrayıl.
Üç-dörd ildən sonra Azərbaycanda vəziyyət çox yaxşı olacaq.
Sonda Prezidentimizə, dövlətimizə, polislərimizə .öz minnətdarlığımı bildirirəm.
N. MƏMMƏDLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB