Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub. Qurumdan SİA-ya verilən xəbərə görə, Şura sədri Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələləri elan edib.
- Şuranın turizm mövzusunda elan etdiyi maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında.
- Şuranın 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında.
- Şuranın 2011-ci ilin II rübündəki fəaliyyəti haqqında hesabat.
- "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda Şuranın üzərinə düşən vəzifələr haqqında.
- Cari məsələlər.
16 may 2011-ci ildə turizm mövzusunda elan edilmiş müsabiqənin yekunları ilə bağlı qeyd edilib ki, müsabiqə çərçivəsində Şuraya 55 QHT-dən layihə təklifi daxil olub. 9 QHT-nin layihə sənədləri Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb. 46 layihə təklifi ekspertizaya göndərilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 28 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Müsabiqənin ilkin fondu 80.000 manat təşkil etsə də Şura mövzunun və layihələrin aktuallığını nəzərə alaraq, bu məbləğə daha 30.000 manat əlavə edib.
Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.
Müsabiqənin nəticələrilə bağlı apelyasiya ərizələri Şuranın Katibliyində 8 iyul 2011-ci il saat 15.00-dək qəbul edilir.
Gündəliyin 2-ci bəndinə uyğun olaraq, Şura 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edib. Müsabiqə elanı və müvafiq sənədlər toplusu Şuranın QHTXEBER.AZ və CSSN.GOV.AZ saytlarında yerləşdirilib.
Gündəliyin 3-cü bəndinə uyğun olaraq, Şuranın 2011-ci ilin II rübündəki fəaliyyəti haqqında hesabatla Katibliyin icraçı direktoru Fərasət Qurbanov çıxış edib. Rüb ərzində görülmüş işlər Şura üzvləri tərəfindən bəyənildi, hesabata əlavə və təkliflər irəli sürülüb. Hesabatın mətni ilə Şuranın "QHTXEBER.AZ" saytında tanış olmaq mümkündür.
Gündəliyin 4-cü bəndinə uyğun olaraq, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda Şuranın üzərinə düşən vəzifələr - QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərə dövlət büdcəsindən subsidiyanın ayrılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərinin inkişaf etdirilməsi barədə məsələ müzakirə edildi. Bu vəzifələrdən irəli gələrək, Şuranın 2011-ci il fəaliyyət planında müəyyən dəyişikliklərin edilməsi və bir sıra tədbirlərin həyata keçirilməsi barədə Katibliyə tapşırıqlar verilib.
Cari məsələlər sırasında Şura sədri Azay Quliyevin Budapeşt şəhərinə, Şura üzvü Əliməmməd Nuriyevin Brüssel şəhərinə səfərləri ilə bağlı məlumatlar dinlənilib və QHT fəaliyyətinə aid digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB