İKT ölkələri Xocalı faciəsini beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasına çalışacaqlar
Bu gün İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 38-ci sessiyasnın son plenar iclasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) fəaliyyəti ilə qətnamə qəbul edilib.
DƏ-İKGF-dən SİA-ya verilən məlumata ğörə, adıçəkilən qətnamə İKT-yə üzv-ölkələri, eləcə də qurumları "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə, "Xocalı qırğınını" ölkə və beynəlxalq səviyyədə "İnsanlığa qarşı cinayət" kimi tanımağa çağırır.
DƏ-İKGF-nin baş katibi, səfir Elşad İskəndərov bildirib ki, "qətnamə 57 ölkənin Xocalı qırğınına olan mövqeyinin bir daha dəyişməz olduğunu təsdiqlədi. Faktiki olaraq, BMT-yə üzv dövlətlərin üçdə biri Xocalıda törədilən erməni vəhşiliyini insanlığa qarşı cinayət kimi tanıyırlar. Bu isə ermənilərin "İKT Parlament İttifaqının qəbul etdiyi məlum analoji qərarı "təsadüfən qəbul edilidiyi" kimi təbliğat xarakterli fikirlərin tam şəkildə iflasa uğraması deməkdir."
Qətnamədə həmçinin BMT Sivilizasiyaların İttifaqı Proqramında gənclərin rolunun gücləndirilməsi işində Forumun fəaliyyətinə, xüsusilə, bu ilin 9-11 aprel tarxlərində Bakı şəhərində Sivilizasiyaların İttifaqı Uğrunda Gənclər İttifaqının təsis edilməsi üzrə görülən işlərə yüksək qiymət verilib. Sənəddə həmçinin DƏ-İKGF BMT Sivilizasiyaların İttifaqının gənclər sahəsində proqramların həyata keçirilməsində İKT-nin yeganə tərəfdaşı kimi qeyd edilib.
Sessiyada çıxış edən Elşad İskəndərov DƏ-İKGF-nin müsəlman gəncliyinin inkişafı sahəsində həyata keçirilən layihələrdən, gənc müsəlmanların dünyada İslamofobiya ilə mübarizə apramağın inkşafına yönəlməsindən, BMT-nin Sivilizasiyaların İttifaqı prosesində rolundan bəhs edib. Sessiyada iştirak edən tədbir iştirakçılarına Forumun son beş illik fəaliyyətini əks etdirən hesabat təqdim edilib.
Sessiya çərçivəsində DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov Qazaxıstanın xarici işlər naziri Erjan Qazixanov, ABŞ prezidentinin İKT məsələləri üzrə xüsusi nümayəndəsi Rəşid Hüseyn, Ağa Xan İnkşafının Şəbəkəsinin nümayəndəsi və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl Madani ilə işgüzar görüşlər keçirmiş, bu görüşlər zamanı Forumun gənclərin inkşafı yolunda həyata keçirilməsi planlaşdırılan layihələrin müzakirələrini aparıb.
Qeyd edək ki, İKT ölkələrinin XİN görüşündə qurumun yeni loqo ilə bərabər adını İslam Əməkdaşlıq Təşkilatına dəyişdirilməsi qərarı qəbul edilib. Bu tədbirdə həmçinin Suriyada baş verən hadisələr də muzakirə olunub. İKT Baş katibi Ekmeleddin İhsanoğlu öz müraciətində Surya rəhbərliyini milli barışıq dialoquna başlamağa və dinc əhalinin öldürülməsinə son qoymağa çağırıb. Tədbirin ən yadda qalan hissəsi, inteqrasiya prosesinin təşkilat çərçivəsində dərinləşməsinin həmçinin İslam və müsəlman gənclərilə aparılan iş haqda düzgün məlumatın çatdırılması məqsədilə Media Ehtiyatı İslam Fondunun təsis edilməsi üçün inkşaf etmiş on ölkədən ibarət qrupun yaradılması təklifi ilə Qazaxstan prezidenti N.Nazarbayevin çıxışı olub.
"Xocalıya Ədalət" kampaniyası DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsüdür və Xocalı qırğının beynəlxalq səviyyədə siyasi və hüqui cəhətdən tanınmasına yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB