Ombudsmanın MPM qrupunun üzvləri 3 saylı uşaq evinə başçəkmə həyata keçiriblər

Ombudsmanın MPM qrupunun üzvləri 3 saylı uşaq evinə başçəkmə həyata keçiriblər

Bu günlərdə Ombudsmanın MPM qrupunun üzvləri Kəmalə Ağayeva və Yeganə Cəfərova Təhsil Nazirliyinin 3 saylı uşaq evinə monitorinq həyata keçiriblər. SİA-nın xəbərinə görə, monitorinqin məqsədi MPM-in mandatını nəzərə alaraq, uşaqlara qarşı kobud rəftar hallarını müəyyən etmək, eyni zamanda uşaq evi sakinlərinin yaşayış şəraitini, qidalanmasını və müalicə vəziyyətini öyrənməkdən ibarət olub.

Monitorinqin gedişində məlum olmuşdur ki, otaqların işıqlandırılması və havalandırılması lazımi səviyyədədir. Uşaq evinin rəhbərliyi, müəllimlər və tərbiyəçilər tərəfindən uşaqlara qarşı hər hansı bir kobud rəftara yol verilmədiyi müəyyənləşdirilib. Uşaqların sağlamlıq vəziyyəti və tibbi müayinədən keçirilməsinə diqqət yetirilir. Araşdırma zamanı məlum olub ki, uşaq evinin ştat vahidinə loqopedin, hüquqşünasın, habelə uşaqların dərsdənkənar vaxtlarının səmərəli təşkili üçün sosial işçinin, təşkilatçının, psixoloji xidmət işinin keyfiyyətini artırmaq üçün isə daha bir psixoloqun əlavə olunmasına ehtiyac var.

Qeyd etmək lazımdır ki, dərsdənkənar vaxtlarda xalçaçılıq, kompüter, ingilis dili, incəsənət və fiziki tərbiyə dərnəkləri təşkil olunub. Uşaq evinin əsas problemi bu müəssisənin uşaq bağçası üçün nəzərdə tutulan binada yerləşməsi və kimsəsiz uşaqların 18 yaşı tamam olduqdan sonra sığınmağa yaşayış yerinin olmamasıdır. Yaşayış şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib, araşdırmanın nəticələri haqqında Təhsil Nazirliyinə məktub ünvanlanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə