Daşkəsənlilər Polis gününü Bayraq Meydanında qeyd ediblər - FOTO

Daşkəsənlilər Polis gününü Bayraq Meydanında qeyd ediblər - FOTO

Bu gün Daşkəsən rayonunda Azərbaycan polisinin peşə bayramı günü qeyd edilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları ilk öncə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər. Ümumrayon tədbiri daşkəsənlilərin yenicə istifadəsinə verilmiş Bayraq Meydanında davam etdirilib. Polis işçilərinin peşə bayramı münasibətilə keçirilən ümumrayon tədbirində Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi söyləyib. Başçı nitqində daxili işlər naziri Ramil Usubov başda olmaqla bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam can, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət arzulayıb.

İcra başçısı bildirib ki, əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə hər il iyul ayının 2-si Azərbaycan Polisinin peşə bayramı günü kimi qeyd edilir: "Məhz ulu öndərimiz Azərbaycan polisinin əməyini həmişə yüksək qiymətləndirmiş, ona ən böyük etimad və ehtiramını bildirib. O qeyd edirdi: "...Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən dərrakə, elm, təhsil, təcrübə tələb edir..."

Azərbaycan polisi şanlı bir tarix keçıbdir, xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir."

"Bu gün Azərbaycan polisinin dövlətə və dövlətçiliyə sədaqət ənənələri böyük razılıqla, hörmətlə qarşılanır. Təsadüfi deyildir ki, Avropa Şurası nümayəndələrinin birinin keçirdiyi mətbuat konfransında bu fikir xüsusi vurğulanıb: "Biz elə bilirdik ki, Azərbaycana- hansısa üçüncü dünya ölkəsinə gedirik və daxili işlər orqanları əməkdaşlarına polisin fəaliyyəti ilə bağlı əlifbanı öyrətməyə başlayacağıq. Lakin əmin olduq ki, yanılmışıq. Biz Azərbaycan Daxili İşlər Nazirliyindən çox şeylər öyrənməli olduq."

Bu mənada Daşkəsən rayon polis işçilərinin də asayişin və təhlükəsizliyin qorunmasında öz töhfəsi və əməyi vardır. Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, xidmət etdiyiniz Daşkəsən rayonunu xoş gələcək gözləyir",- Əhəd Abıyev deyib.

2011-2015-ci illər üzrə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramla birgə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin qəbulunda olduğunu deyən rayon rəhbəri Baş nazirə rayonda olan mövcud vəziyyət barədə hərtərəfli məlumat verdiyini diqqətə çatdırıb: "İşgüzar söhbətdən sonra çox hörmətli nazir mənə bildirdi ki, 2011-2015-ci illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramın həyata keçirilməsi üçün İqtisadi-İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə göstəriş veriləcəkdir. Daşkəsən rayonunda olan mövcud problemlərlə bağlı məsələlər planlı surətdə həllini tapacaqdır. Həmin proqramın yerinə yetirilməsi üçün uzunmüddətli kreditlər ayrılacaqdır. Rayonda heyvandarlıq və əkinçiliyin inkişafı ilə bağlı geniş miqyaslı layihələr həyata keçiriləcəkdir. Iyul ayının 22-də İqtisadi-İnkişaf Nazirliyinin Daşkəsən rayonunda qeyd olunan məsələlərlə bağlı tədbiri təşkil olunacaqdır.

Eyni zamanda Baş nazir Fövqəladə Hallar Nazirliyinə də göstəriş verdi ki, təbii fəlakətdən ziyan çəkmiş aidiyyəti üzrə müəssisə və təşkilatlara, vətəndaşlara dəymiş zərərin ödənilməsi üçün təcili tədbirlər görsünlər.Sizə məlum olduğu kimi, həmin yardımların bir hissəsi rayonumuza gətirilmişdir.

Rayonumuzda görülməsi nəzərdə tutulan işlər – tikinti, abadlıq, quruculuq və yenidənqurmaya görə daşkəsənlilərə daim diqqət və qayğı üçün çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkəmizin Baş naziri Artur Rasizadəyə, daşkəsənlilərə dəstək olan digər dövlət qurumlarına tədbir iştirakçıları adından dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.Sizi əmin edirəm ki, bizə dəstək olan bu mərhəmətli insanların köməyi ilə Daşkəsən tezliklə inkişaf etmiş rayonlar sırasına çıxacaqdır.

Elə buna görə də rayonumuzda gələcək abadlıq, tikinti və yenidənqurma işləri üçün indidən etibarlı bünövrə yaradırıq. Rayonumuzun günbəgün gözəlləşdirilməsi və abadlaşdırılması işində daşkəsənli olaraq hər birimizdən səmərəli, vicdanlı fəaliyyət tələb olunur".

Ümumrayon tədbirində Daşkəsən rayon Polis Şöbəsinin rəisi polkovnik Arif Babayev çıxış edərək bildirib ki, Azərbaycan polisi olaraq əməkdaşlarımız adından bildirirəm ki, həmişə olduğu kimi biz Vətənə,dövlətə daim sədaqətli olacaq, möhtərəm Ali Baş Komandanımızın hər əmr və göstərişlərini canla-başla yerinə yetirəcəyik: "Möhtərəm Prezidentimiz çıxışlarında qeyd etmişdir ki, polis işçiləri həmişə xalqla birbaşa təmasda olan insanlardır.Ona görə də bu mənim əsas tələbimdir : polis işçilərində həm qətiyyət olmalıdır, çox böyük peşəkarlıq olmalıdır, həm də onlar özlərini çox mədəni şəkildə aparmalıdır. Belə olan halda siz Azərbaycan xalqının daha da böyük rəğbətini qazanacaqsınız.

Rəhbərlik etdiyim şəxsi heyət daim bu göstərişləri əldə əsas tutur, xalqımıza qanunların aliliyi tələbindən xidmət etməyə çalışır".

Tədbirdə polis veteranları İlqar Əhmədov, Müzəffər Əsgərov və Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlarının rayon Şurasının sədri Elman Məmmədov çıxış edərək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə dərin minnətdarlıqlarını bildirmiş, polis adının şərəfini, ləyaqətini uca tutanlara hörmət və ehtiramlarını ifadə ediblər. Çıxış edənlər rayonumuzun gələcək inkişaf və perspektivi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının verdiyi məlumatı razılıq və minnətdarlıqla qarşılayıblar.

Möhtəşəm tədbirdə bir qrup polis veteranlarına qiymətli hədiyyələr təqdim olunub.

Ümumrayon tədbiri rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə